Yapon ağac qurbağalarının (Dryophytes japonicus) bağırsağında yaşayan “Ewingella americana” bakteriyası, kolorektal xərçəng olan siçanlara birdəfəlik venadaxili iynə vurulduqdan sonra bədxassəli şişləri 100% məhv edib.
Qaziler.az xəbər verir ki, Yaponiyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimlərinin apardığı araşdırma "Gut Microbes" jurnalında dərc olunub.
Yeridildikdən sonra 24 saat ərzində bakteriya şiş nahiyəsində sağlam toxumalara nisbətən təxminən 3000 dəfə daha intensiv toplanıb. Bu isə ətraf orqanlara zərər vermədən hədəfli hücumu təmin edib. Bakteriyanın bədəndən yarımtəmizlənmə dövrü cəmi 1,2 saat təşkil edib və o, bir sutka ərzində orqanizmdən tamamilə yoxa çıxıb.
Bu prosesin ikiqat mexanizmlə baş verdiyi məlum olub. Birincisi, “Ewingella americana” xərçəng hüceyrələrini fiziki olaraq parçalayır. İkincisi, immun kaskadını işə salır: T- və B-limfositlərini, neytrofilləri aktivləşdirir, TNF-α (şiş nekrozu faktoru) və interferon-γ-nın ifrazını stimullaşdırır. Görünən odur ki, bakteriya xərçəngin immun hüceyrələrindən gizlənmək üçün istifadə etdiyi "mənə toxunma" siqnalı olan CD47 zülalını bloklayır.
Birbaşa müqayisədə Ewingella americana onkoterapiyanın iki standart metodunu geridə qoyub: anti-PD-L1 immun inhibitorunu və liposomal doksorubisin kimyaterapiya preparatını.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, bu, amfibilərin bağırsağından götürülmüş bakteriyanın tətbiqi ilə şişin tamamilə yox olması qeydə alınan ilk araşdırmadır. İnsanlar üzərində kliniki sınaqlara başlamazdan əvvəl əlavə təhlükəsizlik yoxlamaları tələb olunacaq, lakin nəticələr "canlı" xərçəng əleyhinə terapiyada prinsipial olaraq yeni bir istiqamət açır.
QAZİLER.AZ



