Dişlərin əsas düşmənləri müəyyən edilib

Dişlərin əsas düşmənləri müəyyən edilib backend

Müəyyən edilib ki, dişlərin əsas düşmənləri alma, açıq rəngli pivə və meyvə şirəsidir. Az adam bilir ki, adi alma dişlərə ciddi zərər verə bilər. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu meyvənin vurduğu zərər qazlı içkilərin yaratdığı zərərdən təxminən dörd dəfə çoxdur.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, şərab və açıq rəngli pivə də dişlərin zədələnməsi riskini artırır. Turşuya qoyulmuş soğan və qreypfrut isə nisbətən təhlükəsiz hesab olunur, çünki insanlar onları o qədər də tez-tez qəbul etmirlər. London Kral Kollecinin Stomatologiya İnstitutunun ortopedik stomatologiya şöbəsinin rəhbəri professor Devid Bartletin sözlərinə görə, problem təkcə nə yediyimizdə deyil, həm də onu necə yediyimizdə ola bilər.

Məsələn, insan almanı yavaş-yavaş yedikdə, onun tərkibindəki yüksək turşuluq dişlərə zərər verməyə vaxt tapır. Mütəxəssislər bu nəticəyə 18–30 yaş arasında olan 1000-dən çox insanın iştirakı ilə aparılmış araşdırma zamanı gəliblər.

Araşdırmada könüllülərin qidalanma rejimi ilə diş minasının və dentinin aşınması arasındakı əlaqə öyrənilib.

Nəticədə məlum olub ki, almanı sevən insanların dentin zədələnməsi riski 3,7 dəfə daha yüksək olub. Qazlı içki sevənlərdə isə belə bir risk müşahidə edilməyib. Meyvə şirəsi qəbul edən insanlarda diş minasının dişin yuxarı hissəsinə yaxın nahiyəsində zədələnmə riski dörd dəfə çox olub. Açıq rəngli pivə isə dentinin zədələnməsi ehtimalını üç dəfə artırıb.

Alimlərin hesablamalarına görə, bəzi almalarda dörd çay qaşığı qədər şəkər olur və bu da ağız boşluğunda turşuluğun artmasına səbəb olur. Buna görə həkimlər almanı, məsələn, bir tikə pendirlə birlikdə yeməyi tövsiyə edirlər. Pendirin tərkibindəki kalsium turşuluğu neytrallaşdırır. Bundan əlavə, yeməkdən sonra adi su içmək və ya ağzı su ilə yaxalamaq dişləri qorumağa kömək edir.

QAZİLER.AZ