Nevroloq Pavel Xoroşev gənclərdə insult diaqnozunun daha tez-tez qoyulmasını bir neçə faktorla, o cümlədən qeyri-sağlam həyat tərzi, şəkərli diabet, erkən aritmiya və yüksək stress səviyyəsi ilə əlaqələndirib.
Qaziler.az xəbər verir ki, "360.ru" saytına müsahibəsində həkim bildirib ki, siqaret çəkmək, alkoqol qəbulu, hərəkətsizlik (hipodinamiya) və artıq çəki də ürək-damar xəstəlikləri riskini artırır.
"Biz hazırda demək olar ki, şəkərli diabet epidemiyasını yaşayırıq. Hər 10 ildən bir dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı iki dəfə artır. Bədən çəkisinin artması, xüsusən də divararası nahiyədə – yəni döş qəfəsində, ağciyərlərin arasında, ürəyin və ən böyük damarların yerləşdiyi hissədə piy toplanması vəziyyəti daha da pisləşdirir. Qarın boşluğundakı piy daxili təzyiqi artırır, bu isə öz növbəsində ürəyin fəaliyyətinə təsir göstərir. Bu amillər ürək ritminin pozulmasına gətirib çıxarır", — deyə Xoroşev xəbərdarlıq edib.
Onun sözlərinə görə, bütün bu faktorlar bir-biri ilə sıx bağlıdır: düzgün qidalanmamaq və oturaq həyat tərzi diabet ilə piylənmənin inkişafına təkan verir, həmçinin damarları zədələyir. Artıq çəki isə vaxtından əvvəl aritmiyanın yaranmasına səbəb olur. Siqaret, stress və alkoqol isə bu vəziyyəti sadəcə daha da ağırlaşdırır.
Həkim yekunda vurğulayıb ki, bütün bunlar birlikdə gənc yaşda insult riskini əhəmiyyətli dərəcədə artırır.
QAZİLER.AZ



