Yaponiyada yeni diş çıxaran dərmanın sınaqlarına başlanıldı

Yaponiyada yeni diş çıxaran dərmanın sınaqlarına başlanıldı backend

Yapon alimləri insana ilk dəfə olaraq yeni dişlər çıxarmağa imkan verə biləcək dərmanın klinik sınaqlarına başlayıblar. Dərman könüllülər üzərində aparılan sınaqların birinci mərhələsini uğurla keçib və tərtibatçılar onu 2030-cu ilə qədər bazara çıxarmağı planlaşdırırlar. Bu terapiya ilk növbədə anadangəlmə diş çatışmazlığı olan xəstələr üçün nəzərdə tutulsa da, gələcəkdə travma və ya kariyes səbəbindən dişlərini itirmiş insanlara da kömək edə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Toregem BioPharma" (TBP) şirkəti məlumat yayıb.

Sözügedən preparat Kyoto Universiteti ilə əlaqəli olan Osakadakı Kitano Tibbi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Onun əsasını orqanizmin yeni dişlər formalaşdırmaq barədə təbii qabiliyyətini məhdudlaşdıran mexanizmin kəşfi təşkil edir.

Tədqiqatçılar müəyyən ediblər ki, zülallardan biri insan çənəsində qorunub saxlanılan və "yatan" diş rüşeymləri adlanan hissəciklərin inkişafını boğur. Onların yaratdığı "TRG-035" preparatı bu zülalın təsirini neytrallaşdıran və bloklayan antitendir. Bunun sayəsində rüşeymləri aktivləşdirmək və üçüncü nəsil dişlərin böyüməsini stimullaşdırmaq mümkün olur. Siçanlar üzərində aparılan sınaqlarda dərmanın tətbiqindən sonra yeni dişlər uğurla çıxıb.

Klinik sınaqların birinci mərhələsi 2024-cü ilin sentyabrında Kyoto Universiteti Xəstəxanasında başlayıb. Tədqiqatda ən azı bir azı dişi çatışmayan 30 ilə 65 yaş arasında 30 sağlam kişi iştirak edib. Alimlərin əsas vəzifəsi yeni terapiyanın təhlükəsizliyini qiymətləndirmək olub. İlkin məlumatlara görə, könüllülərdə ciddi əks-təsirlər aşkar edilməyib.

Növbəti mərhələdə dərmanın anadangəlmə anodontiyadan – altı və ya daha çox daimi dişin olmadığı nadir xəstəlikdən əziyyət çəkən iki-yeddi yaşlı uşaqlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.

Tədqiqatçılar gələcəkdə texnologiyanın daha geniş şəkildə - çürümə, travma və ya digər xəstəliklər səbəbindən itirilmiş dişləri bərpa etmək üçün istifadə olunacağına ümid edirlər.

QAZİLER.AZ