Kəllə sümüyünün dibində yerləşən beynin kiçik bir bölgəsi olan beyinciyin qeyri-bərabər qocalması, bəzi insanların dərin qocalıq çağlarına qədər yaxşı yaddaş və çevik təfəkkür qoruyub saxlamasının, digərlərinin isə idrak (koqnitiv) qabiliyyətlərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi ilə üzləşməsinin səbəbini qismən izah edə bilər.
Qaziler.az xəbər verir ki, "Nature Neuroscience" jurnalında dərc olunan araşdırma bunu sübut edir.
Beyincik ənənəvi olaraq hərəkətlərin koordinasiyası, müvazinətin saxlanılması və incə motorika ilə əlaqələndirilir. Lakin o, beyindəki neyronların böyük hissəsini özündə cəmləşdirir və tədqiqatçılar getdikcə bu strukturun təfəkkür və yaddaşda da mühüm rol oynadığından şübhələnirlər.
Neyrobioloqlar 700-dən çox sağlam amerikalının beyin tomoqrafiyasını və koqnitiv testlərinin nəticələrini təhlil ediblər. Daha sonra onlar beyinciyi 11 fərqli nahiyəyə bölərək yaşla bağlı onların həcminin necə dəyişdiyini qiymətləndiriblər.
"Məlum oldu ki, beyincik eyni dərəcədə qocalmır. Onun mürəkkəb koqnitiv funksiyalarla bağlı olan arxa hissələri, əsasən hərəkətlərə cavabdeh olan ön nahiyələrinə nisbətən daha sürətlə kiçilir", - alimlər bildiriblər.
Bundan əlavə, yaşlı nəslin nümayəndələri arasında beyinciyi daha böyük olan şəxslər, bu strukturun həcmi kiçik olan iştirakçılara nisbətən yaddaş və təfəkkür testlərini daha yaxşı yerinə yetiriblər. Bənzər qanunauyğunluq böyük tibbi məlumat bazalarından götürülmüş təxminən 47 min nəfərin datası əsasında da təsdiqlənib.
Alzaymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə isə xəstəlik irəlilədikcə bu qoruyucu effekt tədricən yox olur. Tədqiqat müəlliflərinin fikrincə, beyincik özünəməxsus bir "koqnitiv ehtiyat" rolunu oynayaraq beynin öz funksiyalarını daha uzun müddət qoruyub saxlamasına kömək edə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma yalnız beyinciyin ölçüsü ilə koqnitiv sağlamlıq arasındakı əlaqəni üzə çıxarıb. Böyük beyinciyin beynin daha gec qocalmasının birbaşa səbəbi, yoxsa sadəcə bərabər gedən amillərdən biri olduğu hələlik məlum deyil.
QAZİLER.AZ



