Miqrenin müalicəsində botoks metodu: Ağrını kəsir

Miqrenin müalicəsində botoks metodu:  Ağrını kəsir backend

Baş və boyun nahiyəsinə edilən botoks iynələri orqanizmdə kalsitonin gen-əlaqəli peptid (CGRP) kimi bir sıra ağrı mediatorlarının ifraz olunmasının qarşısını alır. Bu, sinir sisteminin həssaslığını və miqren tutmalarının şiddətini azaldır.

Qaziler.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya nevroloq, sefalqoloq (baş ağrıları üzrə mütəxəssis) Kseniya Şevtsova məlumat verib.

Həkim izah edib ki, miqren CGRP neyropeptidinin iştirakı ilə trigemino-vaskulyar (üçlü sinir-damar) sistem neyronlarının yüksək oyanıqlığı səbəbindən yaranır. Bu peptidin aktivliyi beyin qişalarının damarlarının genişlənməsinə, iltihab mediatorlarının ifrazına səbəb olur və ağrı impulslarının baş beynə ötürülməsini tənzimləyir.

Nevroloqun sözlərinə görə, botulinum toksini CGRP, qlutamat və P substansiyası da daxil olmaqla bir sıra ağrı mediatorlarının ifrazını bloklayaraq ağrı uclarının həssaslığını azaldır. Yayılmış fikrin əksinə olaraq, botoks təkcə əzələlərə təsir göstərmir.

“Botoks iynələri periferik nosiseptorların (ağrı reseptorlarının) oyanıqlığını azaltmağa və mərkəzi sinir sisteminə gələn ağrı siqnallarının axınını zəiflətməyə imkan verir. Bu üsul ağrıların yüz faiz yox olacağına zəmanət vermir, lakin onların sayını və gücünü mütləq azaldır”, – deyə Şevtsova aydınlıq gətirib.

QAZİLER.AZ