Mütəmadi fiziki aktivlik bel ağrılarının profilaktikasında əsas üsul olaraq qalır, halbuki düzgün qamət və erqonomik oturacaqların təkbaşına onurğa problemlərindən qorunmağa zəmanət vermir.
Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinə Qranadadakı San-Sesilio Universitet Klinikasının əməkdaşı, ispan travmatoloq İnes Sançes məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bir çox insan bel sağlamlığını qorumaq üçün sadəcə dik oturmağın, qəfil hərəkətlərdən qaçmağın və ortopedik kreslolardan istifadə etməyin kifayət olduğunu düşünür. Lakin təcrübədə bu tədbirlər xroniki ağrı sindromunun qarşısını almağa həmişə kömək etmir.
Sançes qeyd edib ki, onun pasiyentləri arasında qamət qaydalarına ciddi riayət edən, lakin buna baxmayaraq bel nahiyəsində daim diskomfortla qarşılaşan xeyli insan var. Həkim bunun əsas səbəbi kimi uzun müddət eyni vəziyyətdə qalmağı və hərəkətsizliyi göstərib.
Mütəxəssis izah edib ki, onurğa, fəqərələr arası disklər, əzələlər və bağlar normal funksiyasını saxlamaq üçün müntəzəm yükə ehtiyac duyurlar. Uzun müddət hərəkətsiz qaldıqda qan dövranı pisləşir, oynaqların hərəkətliliyi azalır və onurğanı dəstəkləyən əzələlər tədricən zəifləyir.
Bu səbəbdən həkim ən effektiv profilaktik tədbir kimi gün ərzində müntəzəm hərəkət etməyi hesab edir. İş masası arxasında çox vaxt keçirən insanlara o, hər 30 dəqiqədən bir ayağa qalxmağı, qısa isinmə hərəkətləri etməyi və ya gərilmə (dartınma) məşqləri yerinə yetirməyi tövsiyə edib.
Bundan əlavə, həkim hər gün piyada gəzməyi və hər hansı mülayim fiziki aktivliyi onurğa sağlamlığı üçün faydalı adlandırıb. Onun sözlərinə görə, məhz hərəkət dayaq-hərəkət aparatının normal işləməsini təmin edir və xroniki ağrıların yaranma riskini azaldır.
QAZİLER.AZ



