Gənə dişləməsindən sonra yaranan səpgi, temperaturun yüksəlməsi, yorğunluq, əzələ və ya oynaq ağrıları Laym xəstəliyi də daxil olmaqla müxtəlif infeksiyalara yoluxma göstəricisi ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "Prevention" nəşrinə müsahibəsində amerikalı infeksionist Tomas Russo məlumat verib.
Laym xəstəliyi gənə dişləməsi vasitəsilə keçən bakterial infeksiyadır. Vaxtında müalicə olunmadıqda o, oynaqlara, sinir sisteminə və ürək-damar sisteminə zərər vura bilir.
Mütəxəssisin sözlərinə görə, gənə dişləməsindən sonra təxminən 30 gün ərzində vəziyyəti müşahidə etmək lazımdır. Bu dövrdə infeksiya simptomları özünü büruzə verə bilər. Ən xarakterik əlamət dişləmə yerindən kənara yayılan dəri səpgisidir.
"Bu səpgi tez-tez tədricən böyüyən ləkə formasında olur. Bundan əlavə, qızdırma, kəskin halsızlıq, baş ağrısı, əzələ ağrıları, həmçinin oynaqlarda şişkinlik və ağrı hiss oluna bilər", — deyə həkim qeyd edir.
Həkim xüsusilə daha az rast gəlinən bir əlamətə — qəfil yaranan qida allergiyasına diqqət çəkib. Belə ki, gənə dişləməsindən sonra bəzi pasiyentlərdə qırmızı ət və süd məhsullarına qarşı dözümsüzlük yaranır. Bu, "alfa-qal" sindromunun — gənə dişləməsi ilə orqanizmə daxil olan müəyyən karbohidratlara qarşı immun reaksiyası ilə bağlı nadir, lakin potensial təhlükəli vəziyyətin inkişafından xəbər verə bilər.
Russo vurğulayıb ki, bu növ simptomlara etinasız yanaşmaq olmaz. Onlar üzə çıxdıqda mümkün qədər tez tibbi yardıma müraciət etmək və diaqnostikadan keçmək tövsiyə olunur, çünki infeksiyanın erkən aşkarlanması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır.
QAZİLER.AZ



