Rəşad Mahmudov ürək cərrahlarını QINADI

Rəşad Mahmudov ürək cərrahlarını  QINADI backend

Bu gün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir. Amma bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır. Daha diqqət çəkici olan məqamlardan biri isə infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir. Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir.

 

 

Modern.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən biri məhz kardiologiya və ürək-damar cərrahiyyəsidir.

 

“Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb.

 

Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik.

 

Halbuki klinik olaraq kəskin vəziyyət yoxdursa (aktiv infarkt, hemodinamik qeyri-sabitlik və ya həyati risk müşahidə olunmursa), yalnız görüntü və laborator nəticələrə əsaslanaraq təcili müdaxilə qərarı qəbul etdirmək tibbi etikaya uyğun yanaşma deyil. Bunun tam əksinə, bəzən klinik olaraq yüksək riskli, qeyri-stabil və təcili müdaxilə ehtiyacı olan xəstələrdə isə mümkün maliyyə yükü və risklər nəzərə alınaraq, tibbi göstəriş olmasına baxmayaraq müdaxilənin gecikdirilməsi və ya başqa mərkəzlərə yönləndirilməsi kimi yanaşmalarla da qarşılaşırıq. Xüsusən, yeni yaranmış mərkəzlərdə bu tendensiya daha çox müşahidə olunur. Tibbi qərarlar qorxu ilə deyil, izah və maarifləndirmə ilə verilməlidir”.

 

R.Mahmudov təəssüflə qeyd edib ki, bəzən belə halların arxasında rəqabət faktoru da dayanır. Hətta bəzi hallarda həkimlər özləri də etiraf edirlər ki, “əgər mən etməsəm, xəstə başqa mərkəzdə bu müdaxiləni etdirəcək və mən pis və ya bacarıqsız həkim kimi görünəcəyəm”:

 

“Əmin olun, bu yanaşma qısamüddətli perspektivdə xəstə “qazanmaq” kimi görünsə də, uzunmüddətli baxışda cəmiyyətin səhiyyə sisteminə olan güvənini darmadağın edir. Bir çox hallarda erkən mərhələdə və ya tibbi zərurəti tam əsaslandırılmamış stentləmə və cərrahi müdaxilələrin artması kimi vəziyyətlər yaranır. Bizlər bu reallıqları ört-basdır etməklə deyil, açıq şəkildə müzakirə edərək və elmi yanaşma ilə həll yolları taparaq irəliləməliyik.

 

Unutmamalıyıq ki, bir xəstənin başqa mərkəzə getməsi itki deyil. Əgər biz tibb elminin, klinik protokolların, vicdan və etik prinsiplərin çərçivəsində doğru qərar versək, bu uzunmüddətli perspektivdə minlərlə və on minlərlə insanın bizə olan inamının güclənməsi deməkdir.

 

Tibbin mahiyyəti qorxutmaq deyil, başa salmaqdır. Təcili qərar verməyə məcbur etmək deyil, xəstəni məlumatlandıraraq doğru zamanda doğru müdaxiləni seçməkdir. Bu peşənin müqəddəsliyi də məhz buradan başlayır.

 

Bu səbəbdən bütün həmkarlarıma və xüsusilə gənc rezident həkimlərə müraciət edərək demək istəyirəm ki, tibbi bacarıqlar yalnız klinik protokollar və etik davranışlarla harmoniyada tətbiq olunduqda daha dəyərli, daha etibarlı və daha müqəddəs olur. Xəstənin güvəni isə bizim ən böyük professional sərvətimizdir»