Teflon örtüklü qazanların satışı qadağan edilir? - VİDEO

Teflon örtüklü qazanların satışı qadağan edilir? - VİDEO backend

Avropa Birliyi ölkələrində 2026-cı il yanvarın 1-dən rəsmi olaraq teflon tavaların istifadəsi qadağan olunub. Əsas səbəb bu məhsullarda insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrinin (PFAS) yüksək miqdarda olmasıdır.

Baku TV-nin məlumatına əsasən, yeni tənzimləməyə görə, tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak məhsullarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək.

Kimya üzrə fəlsəfə doktoru Elmir Babayev bildirib ki, teflon materiallarının istehsalı ötən əsrin 40-cı illərindən başlayıb və onların yağa, suya, ləkəyə və yüksək temperatura davamlılığı səbəbindən sənayenin müxtəlif sahələrində geniş istifadə olunub:

"Bu maddələrin təbiətdə və canlı orqanizmlərdə parçalanmaması onları zərərli kimyəvi maddələr sinfinə aid edir".

Həkim Abbas Bağırov isə qeyd edib ki, teflon örtüklü qabların səthi zədələndikdə onların tərkibində olan PFAS birləşmələri qidaya keçə və zəhərli təsir göstərə bilər. Onun sözlərinə görə, bu maddələr qida, su və təmas yolu ilə insan orqanizminə daxil olur:

"PFAS maddələri endokrin sistemin fəaliyyətini pozur, qaraciyər və mədə-bağırsaq sisteminə ciddi zərər verə bilir. Xüsusilə hamilə qadınlar, uşaqlar və gənclər üçün bu risk daha böyükdür".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Azərbaycanda teflon tavalarla bağlı uzun illərdir müzakirələrin aparıldığını bildirib:

"Bu məhsullarla bağlı müəyyən narahatlıqlar olsa da, onlar hələ də satışdadır və istehlakçılar tələbat səbəbindən bu cür malları almaqda davam edirlər".

Mütəxəssislər vətəndaşlara gözlənilən təhlükələrdən uzaq durmağı, təmiz və etibarlı məhsullara üstünlük verməyi tövsiyə edirlər.