Taylandda 22 yaşlı gənc qız 10 aydan çox pəhriz həbləri qəbul etdikdən sonra iş yerində huşunu itirib.
Qaziler.az xəbər verir ki, bu haqda “The Thaiger” qəzeti məlumat yayıb.
Trat əyalətinin sakini dekabrın 3-də huşunu itirib və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər bir saatdan çox ürək-ağciyər reanimasiyası edib və onu süni tənəffüs aparatına qoşublar. Onun vəziyyətinin tanınmış onlayn platformadan sifariş verdiyi və 10 ay qəbul etdiyi pəhriz həbləri ilə əlaqəli olduğu güman edilir.
Gənc qızın sevgilisi hadisədən iki gün əvvəl onun başgicəllənmədən şikayətləndiyini, xəbərdarlıqlarına baxmayaraq həbləri qəbul etməyi dayandırmadığını bildirib. Həmin vaxt qızın çəkisi təxminən 36 kq olub. Qohumunun sözlərinə görə, qızın ciddi sağlamlıq problemləri olmayıb, lakin onda yorğunluq, başgicəllənmə və iştahsızlıq müşahidə olunub.
Mütəxəssislər həbləri sınaqdan keçirib və onların tərkibində Taylandda qadağan olunmuş və ürək xəstəliyi, insult və psixoloji problemlər riski ilə əlaqəli olan sibutramin preparatının olduğunu aşkarlayıblar. Həkimlər hazırda komada olan xəstənin vəziyyətini izləməyə davam edirlər.
QAZİLER.AZ



