Daimi motor bacarıqları təlimi, məsələn, musiqi alətində ifa etmək xroniki ağrılara qarşı həssaslığı azalda və beyni onun təsirlərindən qoruya bilər.
Qaziler.az bildirir ki, bu haqda Olborg Universiteti (Danimarka) və Heydelberq Universitetinin (Almaniya) alimləri belə nəticəyə gəliblər. Araşdırmanın nəticələri PAIN jurnalında dərc olunub.
Təcrübədə həm peşəkar musiqiçilər, həm də musiqi təhsili olmayan insanlar iştirak edib. Tədqiqatçılar iştirakçıların qollarına bir neçə gün narahatlıq yaradan bir maddə qoyublar. Daha sonra beynin kortikomotor əlaqələrindəki dəyişiklikləri qiymətləndirmək üçün transkranial maqnit stimullaşdırılmasından istifadə ediblər.
Nəticələr göstərib ki, musiqiçilərdə ağrı beynin "motor xəritəsində" daha az dəyişikliyə səbəb olub və subyektiv olaraq nəzarət qrupuna nisbətən daha az intensiv olaraq qəbul edilib. Alimlər bunu illərlə motor məşqləri nəticəsində inkişaf edən sinir sisteminin artan plastikliyi ilə əlaqələndiriblər.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, araşdırma yeni reabilitasiya üsulları üçün yeni imkanlar yarada bilər. Hərəkət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təkrarlanan hərəkətlər və məşqlər xroniki ağrının intensivliyini azalda bilər və motor funksiyasının bərpasına kömək edə bilər.
QAZİLER.AZ