Nəm salfetlərdəki böyük təhlükə - Dermatoloq xəbərdarlıq etdi

Nəm salfetlərdəki böyük təhlükə - Dermatoloq xəbərdarlıq etdi backend

Son illərdə səth təmizləyici, ətirli və sirkəli kimi növlərdə istehsal olunan nəm salfetlər dəri xəstəliklərinə səbəb ola bilər.

Bu barədə "Haber Global"a danışan Türkiyəli mütəxəssis Malatya Turqut Özal Universiteti Tibb Fakültəsinin Dermatologiya kafedrasının müəllimi Bülənt Nuri Kalaycı məlumat verib.

Onun sözlərinə görə, hazırda nəm salfetlər hər sahədə və gigiyenik vasitə kimi istifadə olunsa da, tez-tez istifadəsi dəriyə ciddi ziyan vura bilər. Bu, xüsusilə körpələrə, kiçik uşaqlara, yaşlılara və həssas dəriyə malik insanlara mənfi təsir göstərir.

"Onların tərkibində bəzi kimyəvi maddələr var ki, bunlar arasında spirt, paraben kimi qoruyucu maddələr, ətir komponentləri və müxtəlif dezinfeksiyaedici maddələr yer alır. Bu cür məhsullar dərini qurutmaqla yanaşı, zədələyə də bilər. Əgər insan bu maddələrə qarşı həssasdırsa, bu zaman allergik dermatit deyilən vəziyyət yarana bilər ki, bu da dəridə qızartı, qaşınma, suluqlu və qabıqlı yaralar şəklində özünü göstərir", - deyə dermatoloq bildirib.

Kalaycı əlavə edib ki, dermatoloji cəhətdən sınaqdan keçirilmiş məhsullara üstünlük verilməlidir. Dəri baryerini qorumaq üçün pH dəyəri 4.5-5.5 olan məhsullar seçilməlidir. Tərkibində spirt, paraben və ətir olmayan, xüsusilə körpələr üçün təmiz su və pambıqdan hazırlanmış nəm salfetlər daha məqsədəuyğundur.

"Əgər dəridə hər hansı problem müşahidə edilirsə, nəm salfetlərdən istifadə dərhal dayandırılmalı və zəruri hallarda həkimə müraciət olunmalıdır. Nəm salfetlər gündəlik təmizlik vasitəsi deyil, yalnız təcili vəziyyətlərdə alternativ olaraq istifadə edilməlidir. Onlar sabun və suyun yerini əsla verə bilməz. Gündəlik gigiyena üçün sabun və sudan istifadə edilməlidir", - deyə mütəxəssis vurğulayıb.

Oxu.az

Diaspora