Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları təhlükəli bağırsaq infeksiyası “Clostridioides difficile” (C. difficile) ilə mübarizədə yüksək effektivliyini sübut edən sintetik mikrobiom hazırlayıblar. Bu bakteriya şiddətli ishal, bağırsaq iltihabına səbəb olur və müalicəsi çətindir. Siçanlar üzərində sınaqdan keçirilmiş yeni üsul antibiotiklərə alternativ ola bilər.
Qaziler.az xəbər verir ki, araşdırma “Cell Host & Microbe” (CHM) jurnalında dərc olunub.
“C. Difficile” üçün ənənəvi müalicələr çox vaxt səmərəsiz olur: antibiotiklər təkcə zərərli deyil, həm də faydalı bağırsaq bakteriyalarını öldürərək problemi daha da pisləşdirir.
Alimlər fərqli bir yanaşmaya qərar veriblər. Onlar 12 tədqiqatın mikrobiomunu təhlil ediblər və “C. Difficile”nin böyüməsinə maneə törədə bilən 37 bakteriya ştammını müəyyən ediblər. Daha sonra onlar infeksiyanın böyüməsinin qarşısını alan yalnız faydalı bakteriyalardan ibarət sintetik mikrobiom hazırlayıblar.
Sintetik mikrobiom siçanları infeksiyadan uğurla qoruyub və xəstəliyin şiddətini azaldıb. Üstəlik, bu üsul patogenlərin ötürülməsi riskini aradan qaldıraraq, donor materialına ehtiyac duymur.
Gələcəkdə bu üsul yalnız “C. difficile”nin müalicəsi üçün deyil, həm də iltihablı bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə edilə bilər.
Tədqiqatın aparıcı müəllifi Jordan Bizans bildirib ki, onlar mikrobiom haqqında bilikləri məqsədyönlü müalicələrə çevirirlər.
QAZİLER.AZ