Psixoloq uşaqların yeməkdən imtina etməsinin əsas səbəblərini sadaladı

Psixoloq uşaqların yeməkdən imtina etməsinin əsas səbəblərini sadaladı backend

“Uşağın valideynlərinin təkid etməsinə baxmayaraq, yeməkdən imtina etməsinin səbəbi diqqətsizlik, yemək zamanı ağrı və ya ailə problemləri ola bilər”.

Qaziler.az xəbər verir ki, bunu “Uznay.ru”ya klinik psixoloq Tatyana Çernyakova deyib.

Onun fikrincə, heç bir halda uşaqları öz iradələrinə zidd olan hərəkətlərə məcbur etmək olmaz, çünki yeməyin vaxtı, miqdarı və növü ilə bağlı qərar insanın yetkinləşməsi və müstəqillik əldə etməsi mərhələlərindən biridir.

Çernyakova qeyd edib ki, kiçik yaşlı uşaqlarda yeməkdən imtina ən çox yemək zamanı baş verən fizioloji narahatlıqla əlaqələndirilir: diş çıxarma, mədə ağrısı və ya sadəcə yorğunluq. Yaş bütün bu narahatlıqları sözlə ifadə etməyə həmişə imkan vermir və valideynlərə elə gəlir ki, uşaq sadəcə şıltaqdır. Bundan əlavə, yemək istəməməyin səbəbləri psixoloji də ola bilər.

“Uşaqlar dünyanı duyğular vasitəsilə dərk edirlər. Uşaq qidanın gərginlik, stress və ya narahatlıqla əlaqəli olduğunu hiss edirsə, ondan qaçır. Uşaq bağçasında və ya evdə eşidilən “yemək məcburiyyətindəsən!” və ya “bu yemək qabağından qala bilməz” kimi ifadələr böyüklərin kimisə öz iradəsinə zidd bir şey etməyə məcbur etmək istəyi kimi qəbul edilir. Bu, iştahı kəsən stressə səbəb olur”, Tatyana Çernyakova deyib.

O əlavə edib ki, uşaqlar tez-tez ailədəki münaqişələr, qohumlar arasında mübahisələr, valideynlərin boşanması, böyüklər tərəfindən lazımi diqqət və qayğının olmaması səbəbindən emossional narahatlıq yaşayırlar.

Psixoloqlar uşaqların yemək istəməməsini sadəcə olaraq böyümə və şəxsiyyətin formalaşması mərhələsi kimi izah edirlər.

“Uşaq böyüdükcə nəyi idarə edə biləcəyini və nəyi bacara bilməyəcəyini dərk etməyə başlayır. Yemək isə onun müstəqilliyini göstərə bildiyi nadir sahələrdən biridir. Yeməkdən imtina etmək “Nəyi və nə vaxt yeyəcəyimə özüm qərar verirəm!” deməyin bir yolu ola bilər. Bu məqamda uşaqla döyüşmək yox, ona yer vermək lazımdır ki, o, öz müstəqilliyini və özünə inamını hiss etsin”, - deyə ekspert valideynlərə məsləhət görüb.

QAZİLER.AZ

Diaspora