Rövşən Nəcəfov: “Estetik əməliyyatlara müraciət edən şəxslərin psixoloq və psixiatr müayinəsindən keçməsi qanunla tənzimlənməlidir”
Ötən həftə ginekoloq Rəşad Sultan "TV Müsavat"ın efirində bildirib ki, estetik əməliyyata gedən hər bir pasiyent psixoloq, psixiatr müayinəsindən keçməlidir: "Bunu dünya təcrübəsinə əsasən deyirəm. Yəni bilməliyik, bu pasiyentin ağlı yerindədirmi rekonstruksiya istəyir? Bəlkə başı xarabdır, gündə bir yerini doğratdıracaq".
Bəs dünya təcrübəsində bu necə tənzimlənir? Əsasən hansı əməliyyatlar üçün psixoloji yoxlama zəruridir?
QAZİLER.AZ bildirir ki, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb.
O deyib ki, klinik psixoloji müayinə, estetik əməliyyatların tibbi və etik çərçivədə icra olunmasının əsas prinsiplərindən biri olmalıdır:
“Belə bir yanaşma həm pasiyentlərin emosional sağlamlığını qoruyar, həm də cəmiyyətdə estetik əməliyyatlara daha müsbət və balanslı bir münasibət formalaşdırar. Estetik əməliyyata klinik psixoloji qiymətləndirməsiz gedən pasiyentlərdə əməliyyat sonrası peşmanlıq, emosional məyusluq, hətta intihar düşüncələri ola bilər. Bu səbəbdən, klinik psixoloji müayinəni təmin etmək həm pasiyentin rifahını qorumaq, həm də həkimlərin hüquqi məsuliyyətini minimuma endirmək baxımından vacibdir. Burun əməliyyatı, liposaksiya və bədən şəkilləndirmə kimi prosedurlar pasiyentin özünə münasibətini ciddi şəkildə dəyişdirə bilər. Təkrarlanan və ya rekonstruktiv əməliyyatlar isə emosional gərginlik riski daşıyır”.
Mütəxəssis əlavə edib ki, estetik əməliyyatların populyarlığı rəqəmsal dünyanın inkişafı ilə tənzimlənir: “İnsanlar daha yaxşı görünmək, özünə inamını artırmaq və sosial həyatda daha rahat hiss etmək məqsədilə bu prosedurlara müraciət edirlər. Bəzi hallarda bu əməliyyatlar pasiyentin emosional və psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər. Estetik əməliyyata qərar verən şəxslərin emosional vəziyyəti və əməliyyata motivasiyası diqqətlə analiz edilməlidir. Dismorfofobiya, depressiya və ya realist olmayan gözləntilər kimi psixoloji problemlər olan pasiyentlərdə əməliyyat sonrası məyusluq və ya ciddi emosional problemlər yarana bilər. Dismorfofobiya, insanın görünüşü ilə bağlı davamlı narazılıq və özünütənqidlə müşayiət olunan psixoloji bir problemdir. Dismorfofobiyası olan pasiyentlər tez-tez təkrar əməliyyatlara müraciət edir və heç bir nəticədən razı qalmırlar. Klinik psixoloji müayinə, bu kimi riskləri erkən mərhələdə müəyyənləşdirərək pasiyentin rifahını təmin etməyə və əməliyyatların daha sağlam nəticələrə gətirib çıxarmasına xidmət edir.
Klinik psixoloji müayinə pasiyentin əməliyyat qərarını daha yaxşı anlamağa və onun sağlam emosional vəziyyətini təmin etməyə imkan verir. Dünya təcrübəsinə uyğun olaraq estetik əməliyyatlara müraciət edən şəxslərin psixoloq və psixiatr müayinəsindən keçməsi qanunla tənzimlənməlidir. Hüquqi yanaşma həm pasiyentlərin sağlamlığını qorumaq, həm də estetik əməliyyatların tibbi və etik standartlara uyğun icra olunmasını təmin etmək baxımından əhəmiyyətlidir”.