Metapnevmovirus infeksiyasından qorunmaq, kəskin respirator virus infeksiyalarının qarşısını almaq üçün standart tədbirlərə riayət etmək lazımdır.
Qaziler.az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş müstəqil mütəxəssisi, professor Vladimir Çulanov bildirib.
“Əlləri sabunla yumaq və ya spirt tərkibli antiseptiklərlə silmək lazımdır. Həmçinin, çirkli əllərlə üzünüzə toxunmayın, otaqları mütəmadi olaraq havalandırın”, - mütəxəssis deyib.
Mütəxəssis kəskin respirator virus infeksiyası simptomları olan insanlarla, ümumiyyətlə izdihamlı yerlərdə ünsiyyətdən çəkinməyi məsləhət görüb. İnfeksionist əlavə edib ki, virus kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir və mövsümi artımlarla xarakterizə olunur.
Qeyd edək ki, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsi ölkədə insan metapnevmovirusunun yayılması barədə açıqlama verib. Daha sonra Qazaxıstan, Hindistan, Ukrayna kimi ölkələrdə bu virusa yoluxma hallarının aşkarlandığı bildirilib.
QAZİLER.AZ