Bu gün Bakıda öz müasir texnologiyaları və yüksək xidməti ilə seçilən Lux International Hospitalın açılışı olub.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, açılış mərasimində rəsmi qonaqlar, tibb ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İcraçı direktor Hacı Quliyev qonaqlara Lux International Hospitalın iş prinsipi və göstərdiyi xidmətlər haqqında məlumat verib. O qeyd edib ki, klinika ən son texnologiyaları, peşəkar təcrübəni və insan mərhəmətini bir araya gətirərək xalqın sağlamlığına xidmət etməyi qarşısına məqsəd qoyur.
Daha sonra klinikanın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Bildirilib ki, klinikada poliklinika, stasionar, reanimasiya və intensiv terapiya, əməliyyatxana bloku, radiologiya, laboratoriya, göz mərkəzi və digər sahələr ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə tam təchiz olunub. Klinikanın poliklinika şöbəsində xəstələrə hərtərəfli ambulator xidmət göstərilir. Ultrasəs müayinəsi (USM), EXO kardioqrafiya, EEQ və Doppler müayinə kimi qabaqcıl texnologiyalarla təmin edilən diaqnostika imkanları sağlamlıq problemlərinin erkən mərhələdə aşkarlanmasını təmin edir. Beynəlxalq standartlara cavab verən anesteziologiya və əməliyyatxana bloku fəaliyyət göstərir. Burada acıq ürək və beyin əməliyyatları, digər cərrahi prosedurlar mütəxəssis həkimlər tərəfindən aparılır. Həmçinin oftalmologiya, fizioterapiya, qastroenterologiya, pediatriya və plastik cərrahiyyə kimi müxtəlif xidmətlər göstərilir. Burada təqdim olunan süni tənəffüs cihazları, maqnit rezonans tomoqrafiya və ERCP prosedurları xəstələrin müalicəsinin vaxtında və effektiv şəkildə həyata keçirilməsini təmin edir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçının müavini İlqar Mirzəyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxış edərək bütün müasir tələblərə uyğun təchiz edilmiş Lux International Hospitalın vətəndaşlara göstərdiyi xidmətləri yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Hospitalın icraçı direktoru Hacı Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, xəstəxana çox böyük texniki bazaya malikdir: “Ən son cihaz və avadanlıqlar bizim xəstəxanada pasiyentlərin ixtiyarına verilir. Çünki bu xəstəxananın demək olar ki, bütün avadanlıqları tam olaraq sıfırdan alınıb. Xəstəxanamız daha çox belə relaks bir şəkildə hotel səviyyəsində olan bir xəstəxanadır. Əsas məqsədimiz odur ki, bizə müraciət edən pasiyentlər həm müalicələrini alsınlar, həm də belə demək olarsa, dincəlsinlər. Yəni bütün paket xidmətlər veririk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləmiz var”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib ki, açılışı olan Lux İnternational Hospital müasir texnologiyalardan istifadə edərək əhalinin sağlamlığının qorunması keşiyində duracaq: “Güman edirəm ki, bu gün burada, bu açılışda Azərbaycan əhalisinə, xalqımıza, millətimizə, Bakı şəhərinin əhalisinə təqdim ediləcək bu Lux İnternational Hospitalında dünyanın ən yüksəksəviyyəli icra mexanizmi çətin olan əməliyyatlar həyata keçiriləcək. Çünki bu klinikanın hədəfi, məqsədi məhz budur”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, hospital insanların bütün ən yüksəksəviyyəli səhiyyə xidmətləri ilə təminatında əvəzsiz rol oynayacaq: “Burada yarı hotel və xəstəxana tipi mövcuddur. Bu da bir şəhərimiz üçün yenilikdir. Yəni ən yüksək səviyyədə insanlar burada qarşılanır, onlara qayğı, diqqət göstərilir. Tibbin bir çox sahələri burada yüksəksəviyyəli həkimlərlə təmin olunub və bir çox sahələri burada təmsil olunacaq. Düşünürük ki, belə hospitallarımızın sayı çox olacaq və insanlarımız belə yüksəksəviyyəli xidmətlərdən istifadə edə biləcəklər”.
Tədbirin sonunda qonaqlar klinikanın infrastrukturu ilə yaxından tanış olub və xatirə rəsmləri çəkilib.
Qeyd edək ki, klinikada poliklinika, stasionar, reanimasiya və intensiv terapiya, əməliyyatxana bloku, radiologiya, laboratoriya, göz mərkəzi və digər sahələr ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə təchiz olunub.