Bir müddət əvvəl adının çəkilməsini istəməyən şəhər sakini İcbari Tibbi Sığortanın ixtisaslaşdırılmış psixoloji yardım xidməti almaq üçün paytaxtdakı özəl tibb müəssisələrindən birinə müraciət edib. Tibb müəssisəsində isə vətəndaşa psixoloji xidmətin yalnız ödənişli şəkildə olduğunu bildiriblər.
Bu barədə Oxu.Az-a vətəndaşın özü müraciət edib.
Onun sözlərinə görə, təqdim olunan ilk seansın 45 AZN, növbəti seansların isə 15 AZN olduğu bildirilib.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən kampaniya bir müddət əvvələ qədər qüvvədə olub:
"Kampaniyaya əsasən, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq, xidmət ödənişsiz şəkildə həyata keçirilirdi. İxtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-a bildirildi ki, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvləri, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayanlar, qaçqın və məcburi köçkünlər, dövlət proqramları və digər tədbirlər proqramı çərçivəsində xidmət göstərilən və yetkinlik yaşına çatmayan şəxslərə psixoloji yardım ödənişsiz şəkildə həyata keçirilir.