ÜST-dən "Covid" pandemiyasının mənşəyi haqqında açıqlama

ÜST-dən "Covid" pandemiyasının mənşəyi haqqında açıqlama backend

Çin, o cümlədən ehtimal edilən daha erkən yoluxma halları haqqında tam məlumat verənə qədər COVID-19-un mənşəyi aydın olmayacaq.

“Report” xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Artıq dəfələrlə, o cümlədən yüksək səviyyəli Çin rəhbərlərinə dediyim kimi, Çinin əməkdaşlığı bu proses üçün son dərəcə vacibdir. Bura “Huanan” dəniz məhsulları bazarı, COVID-19-un ən erkən məlum və şübhəli halları, eləcə də Uhan laboratoriyalarında görülən işlər haqqında məlumatlar daxildir. Biz hələ də COVID-19 pandemiyasının necə başladığını bilmirik və təəssüf ki, onun mənşəyini aydınlaşdırmaq üçün işlər yarımçıq qalır”, - o bildirib.

Qebreyesusun sözlərinə görə, yeni təhlükəli patogenlər üzrə ekspertlərin elmi-məsləhət qrupu (SAGO) hazırda COVID-19 pandemiyasının necə başlamasının müstəqil qiymətləndirilməsini tamamlayır. O vurğulayıb ki, həqiqətin aşkarlanması üçün ÜST-yə üzv olan bütün dövlətlərin əməkdaşlığı, qarşılıqlı fəaliyyəti və şəffaflığı lazımdır.

Xatırladaq ki, COVID ilə bağlı qlobal fövqəladə sağlamlıq vəziyyəti 2020-ci ilin yanvar ayının sonundan 2023-cü ilin may ayının əvvəllərinə qədər qüvvədə olub. 2020-ci il martın 11-də ÜST COVID-19-u pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunan son (18 avqust 2024-cü il tarixinə olan) məlumata görə, dünyada 776 007 137 koronavirusa yoluxma, 7 059 612 ölüm halı qeydə alınıb.

Diaspora