Fol turşusunun məhdudlaşdırılması qocalıqda maddələr mübadiləsini yaxşılaşdırır.
QAZÌLER.AZ Publika.az -a istinadən xəbər verir ki, bunu Texasın A&M İnstitutunun alimləri üzə çıxarıb.
Alimlər fol turşusu qəbulunun məhdudlaşdırılmasının siçanlarda metabolik elastikliyi artırdığını və qocalmanı yavaşlatdığını aşkarlayıb.
Araşdırmanın nəticələri "Life Science Alliance" jurnalında dərc olunub.
Bildirilib ki, fol turşusu hüceyrə böyüməsi və inkişafı üçün vacib olan B vitaminidir. Çoxsaylı araşdırmalar onun anadangəlmə qüsurların qarşısının alınmasında təsirli olduğunu göstərib. Bu vitamin yaşıl yarpaqlı göyərtilərdə, sitrus meyvələrində, qaraciyərdə, balda, taxıl məhsullarında və paxlalılarda olur.
Bir çox insan fol turşusunun faydalı xüsusiyyətləri haqqında məlumatlıdır, buna görə də ona əsaslanan vitamin əlavələri apteklərdə və onlayn mağazalarda fəal şəkildə satılır.
Ancaq alimlər bu vitaminin qəbulunun arzuolunmaz təsiri olub-olmadığını öyrənmək üçün siçanlar üzərində təcrübə aparıblar.
Onlar fol turşusu məhdudlaşdırıldıqda yeni hüceyrələrin böyüməsi və yaradılması ilə əlaqəli proseslərin yavaşlamasını müşahidə ediblər. Eyni zamanda heyvanların metabolik çevikliyində artım olub.
Fol turşusunun az olduğu pəhrizə məcbur edilən siçanlar vitamin qəbul edən nəzarət qrupundakı heyvanlardan daha uzun müddət gənc qalıblar. Tədqiqatçıların fikrincə, təkmilləşdirilmiş maddələr mübadiləsi daha sağlam yaşlanma ilə əlaqələndirilir.
Alimlər fol turşusunun aktiv qəbulunun böyümə və inkişaf üçün həyatın erkən dövründə çox vacib olduğunu vurğulayıblar. Bununla belə, bu vitaminin diyetdəki miqdarının daha sonrakı mərhələlərdə məhdudlaşdırılmasının uzunömürlülük əldə etməyin yolu ola biləcəyini qeyd ediblər