Portuqaliyanın Minho Universitetinin alimləri müəyyən ediblər ki, yemək yeyərkən telefondan istifadə edən və ya televizora baxan uşaqlarda artıq çəkili olma ehtimalı əhəmiyyətli dərəcədə artır.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu mayın 12-dən 15-dək İtaliyada keçirilən Avropa Obezite Konqresində təqdim olunan araşdırma göstərib.
Komanda altı yaşdan on yaşa qədər olan 735 uşağın yemək vərdişlərini təhlil edib. Onlar hər bir uşaqdan son 24 saat ərzində istehlak etdikləri qidaların növünü və miqdarını soruşublar. Valideynlərdən isə övladlarının səhər yeməyi, nahar və şam yeməyi zamanı telefon və ya televizor ekranlarına baxıb-baxmadığını söyləmələrini istəyiblər.
Tədqiqatçılar müəyyən ediblər ki, yemək zamanı mobil cihazlardan istifadə etməyə və televizora baxmağa icazə verilən uşaqların artıq çəki alma ehtimalı cihazsız yemək yeyən uşaqlara nisbətən 15% çoxdur.
Alimlər deyirlər ki, yemək yeyərkən daim ekrana baxmaq uşaqlara tox olduqlarını dərk etmələrinə mane olur. Uzun müddət tətbiq edilən bu vərdiş həddindən artıq yeməyə və bədən yağının artmasına səbəb olur.
QAZİLER.AZ