Həddindən artıq yuxu nəyə səbəb olur?

Həddindən artıq yuxu nəyə səbəb olur? backend

Yuxusuzluq kimi çox yatmaq da insanın sağlamlığına mənfi təsir göstərir.

AZƏRTAC professor nevroloq Dr.Dərya Uludüzün bununla bağlı fikirlərini təqdim edir.

D.Uludüz bildirir ki, adətən yuxu pozğunluğu dedikdə ağlımıza yuxuya getmə çətinliyi və ya yuxusuzluq gəlir. Məlumdur ki, az yatmaq bir çox sağlamlıq problemlərinə səbəb olur. Bununla belə, mütəxəssislər çox yatmağın da az yatmaq qədər zərərli olduğunu bildirirlər. Çox yatmaq insanı xəstəlik və hətta ölüm riski ilə üz-üzə qoya bilər. Həddindən artıq yuxu, əsasən, tibbi vəziyyətin əlaməti və ya səbəbi ola bilər. Yetkinlər üçün ideal yuxu müddəti 7-9 saat arasındadır. Yuxunun “yatma saatı” fərdidir, çünki bəzi insanlar yeddi saatda özlərini yaxşı hiss edə bilər, digərləri isə bir az daha uzun müddətə ehtiyac duyar. Bununla belə, doqquz saatdan çox yuxu böyüklər üçün həddindən artıq sayılır. Bir insanın həddindən artıq yatmasının bir neçə səbəbi ola bilər. Əgər insan doqquz saatdan çox yatırsa, onun yuxu keyfiyyəti qiymətləndirilməlidir. Əgər onun yuxu keyfiyyəti zəifdirsə, bu, onun yataqda daha çox vaxt keçirməsinə səbəb ola bilər. Səbəbləri isə bunlardır:

■ Yuxu apnesi insan həyatı üçün təhlükə yaradan yuxu pozğunluqlarından biridir. Bu vəziyyət gecə vaxtı onlarla dəfə tənəffüs tutulması halı ilə xarakterizə olunur. Bu tip yuxu pozğunluğu nizamsız yuxuya səbəb ola bilər, həmçinin ertəsi gün artan yuxululuq və yorğunluğa səbəb yaradar, bu da insanın çox yatmasına vəsilə olur.

■ Depressiyada olan insanlar özlərini daim yorğun və zəif hiss edirlər. Onlar çox yatmağa meyillidir, çünki yuxudan başqa bir şey etmək üçün enerjilərinin olmadığının fərqinə varırlar.

■ Bəzi dərmanlar həddindən artıq yuxuya səbəb ola bilər, bu da yuxu pozğunluqlarını yaradan vasitələrdən biridir. Həddindən artıq yuxusuzluq halı baş verirsə, buna səbəb qəbul edilən dərmanlardırsa, mütləq həkimlə əlaqə saxlamaq lazımdır.

■ İş və ya ictimai həyat səbəbindən yuxusuz günlər keçiririk. Sonra isə vaxtımız olduğu təqdirdə həmin günlərin “əvəzini çıxaraq” çox yatmağa çalışırıq. Bu da sağlamlığa mənfi təsir edən amillərdəndir.

Həddindən artıq yuxunun orqanizmə mənfi təsirlərini belə sıralamaq olar: Yaddaşın zəifləməsi; Depressiya; Orqanizmdə xroniki iltihab; Diabet riskinin yüksək olması; Ürək xəstəliyi riskinin yüksək olması; Daha yüksək insult riski; Baş ağrısı (Çox yatan insanlar normal yatan insanlardan daha tez-tez baş ağrılarından şikayət edirlər); Piylənmə (Həddindən artıq yatmaq piylənməyə və ya artıq çəkiyə səbəb ola bilər, çünki insan heç bir şey etmədikdə maddələr mübadiləsi yavaşlayır).

İnsanlar doqquz saatdan çox yatdıqda özlərini daha pis hiss etdiklərini söyləyirlər. Biz buna “yuxunun həddindən artıq yüklənməsi halı” deyirik. Bu vəziyyətdə qan təzyiqi, ürək döyüntüsü və nəbz sürətlənir, ürək xəstəliklərinə meyillilik yaranır. 7 saatdan az və ya 9 saatdan çox yatmamağa diqqət edilməlidir. Erkən ölüm riski də həddindən artıq yatılan yuxunun vaxtı ilə əlaqədardır. 16 müxtəlif elmi tədqiqat zamanı məlum olub ki, çox yatanların erkən ölüm riski artır. Çünki çox yuxu diabet, ürək xəstəliyi, depressiya və piylənmə riskinin artması ilə əlaqələndirilir.

Diaspora