Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu öz işini panel iclası ilə davam etdirib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, dr.Nuran Abdullayevin moderatorluğu ilə keçirilən panel iclası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayevin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası: görülmüş işlər və hədəflər” mövzusunda məruzəsi ilə başlayıb.
Ardınca Almaniyada çalışan tibb mütəxəssisləri – "Helios Siegburg" klinikasının daxili xəstəliklər üzrə aparıcı mütəxəssisi Elvin Hüseynov, Avropa Onkologiya Məktəbinin (ESO) səfiri, Ulm Universiteti xəstəxanasının həkim-onkoloqu Nərmin Talıbova, “GFO Kliniken Troisdorf”un klinika direktoru dr. Nuran Abdullayev, Essen Universitet xəstəxanasının neyrocərrahiyyə üzrə aparıcı mütəxəssisi professor dr. Ramazan Cabbarlı, Hannoverdəki "AEGİ" plastik cərrahiyyə klinikasının aparıcı mütəxəssisi dr. Gülşən Əhmədli və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Panel iclasındakı məruzələr silsiləsinə Bakıdakı Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri professor Qurbanxan Müslümov "Azərbaycanda visseral cərrahiyyənin inkişafı" mövzusunda çıxışı ilə yekun vurub.
Müzakirələr zamanı müxtəlif mövzulara elmi yanaşmalarını ortaya qoyan, ixtiraları və kəşfləri barədə məlumat verən azərbaycanlı həkimlər təkliflərini irəli sürüblər. Həkim soydaşlarımızın Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqət cəlb edilib və uğur hekayələri paylaşılıb.