Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur. 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, həmin tarix 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasıntərəfindən təsis edilib. Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.
Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.
Loqopedik ədəbiyyatda kəkələmə belə təsvir olunur: “Nitqin ahəngdar ritminin pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqədardır”. Əksər hallarda kəkələmə loqofobiya - danışmaqdan qorxu xofu ilə əlaqədar olur.
Cəmiyyətin kəkələyən adamlara yanlış münasibəti ümumilikdə insan həyatına və onun emosional vəziyyətinə ciddi təsir göstərir, bu da çox vaxt stressə və özünəqapanmaya səbəb olur. Kəkələyən uşaqlar təəssüf ki, əksər hallarda istehza hədəfinə çevrilir.
Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə, ilk növbədə, uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.
Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onların arasında kinorejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var. Antik dövrün məşhur natiqlərindən biri Demosfen, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çörçil, məşhur kino aktrisası, müğənni və model Merilin Monro, həmçinin ingilis fiziki, riyaziyyatçısı, astronomu və kimyaçı alim İsaak Nyuton kimi məşhurlar da kəkələmədən əziyyət çəkib.