İnfarktın bilmədiyimiz əlamətləri

İnfarktın bilmədiyimiz əlamətləri backend

“İnfarkt döş qəfəsində şiddətli ağrı və hava çatışmazlığı hissi ilə xarakterizə olunur, lakin bəzən xəstəlik özünü fərqli şəkildə göstərə və ya özünü digər bir xəstəlik kimi büruzə verə bilir”.

Bunu Rusiyalı həkim nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya deyib.

“Böyüklər arasında ölüm səbəblərinin 46,3%-i qan dövranı sistemi xəstəlikləridir. Bunun 6,5%-ni kəskin miokard infarktı təşkil edir. Bu zaman ürək əzələsi artıq qan qəbul etmir və qismən ölür”, - deyə o qeyd edib.

Adətən infarkt açıq-aşkar simptomlarla müşayiət olunur: döş sümüyünün arxasında və ürək bölgəsində şiddəti keçməyən basıcı ağrı və ya yanğı, soyuq tər, narahatlıq və hava çatışmazlığı hissi. Bəzən döş qəfəsinin arxa hissəsində olan ağrı sol qol, çiyin, kürək və ya boyuna yayılır. Bununla belə, atipik simptomlar da olur.

“Məsələn, çox güclü qarın ağrısı başlayır və ya sanki diş ağrısı zamanı olduğu kimi alt çənə sızlayır. Yaxud başqa əlamətlər olmadan nəfəs darlığı yarana bilər”, - deyə mütəxəssis əlavə edib.

Həmçinin miokard infarktı özünü digər xəstəliklər kimi büruzə verə bilər. Məsələn, abdominal forma qarın ağrısı, ürəkbulanma və qusma əlamətləri ilə özünü göstərir. Onu kəskin zəhərlənmə, xolesistitin və ya mədə xorası xəstəliyinin ağırlaşması ilə səhv salmaq olar. İnfarkt, hətta insult əlamətləri ilə özünü büruzə verə bilər: bu zaman insanın nitqi anlaşılmaz olur, hərəkətlərin koordinasiyası ilə bağlı problemlər yaranır, lakin ürək bölgəsində ağrı olmur.

Ekspertin sözlərinə görə, infarktın ən təhlükəli gedişatı az simptomlu və ya simptomsuz olmasıdır. Buna diabet və ya ürəyin işemik xəstəliyi olan insanlarda rast gəlinir. Onun yeganə əlaməti ürək döyüntüsü və ya ürəyin fəaliyyətində nasazlıq hissidir. Belə hallarda insan uzun müddət xəstəlikdən xəbərsiz olur ki, bu da sonradan ağır nəticələrə gətirib çıxarır. (oxu.az)

Mənbə: Life.ru

Diaspora