Alimlər deyirlər ki, xəstənin pozitiv düşüncəsi dərmanın təsirini ikiqat artıra, neqativ düşüncə isə onu sıfıra endirə bilər.
“The Telegraph” yazır ki, Oksford, Kembric və iki Almaniya universitetinin tədqiqatçıları ağrının qavranılmasında şüurlu düşüncənin rolunu araşdıran qabaqcıl eksperiment əsasında nəticə çıxarıblar.
22 könüllünün dərisinə qızdırıcı qurğu qoyulub və onların ağrı dərəcəsini qiymətləndirməsi xahiş olunub. 0-dan 100-ə qədər olan miqyasda orta bal 66 olub. Bundan sonra subyektlərə opiat əsaslı ağrıkəsici verilib. Bu zaman orta bal 55-ə düşüb. Mütəxəssislər xəstələrə ağrıkəsici qəbul etməyə başladıqlarını bildirdikdə, bal 39-a enib. Lakin subyektlərə ağrıkəsicinin dayandırıldığı deyildikdə, bu doğru olmasa da, ağrı balı yenidən yüksələrək 64 olub.
Eyni zamanda MRT vasitəsilə könüllülərin beyin fəaliyyəti də izlənilib. Məlum olub ki, insanların ağrıkəsici olmadığını düşünəndə beynin ağrıya cavabdeh olan hissələri aktivləşib, lakin müsbət fikirlər beynin bu hissələrinin fəaliyyətini ləngidir.
QAZİLER.AZ