Azərbaycan dünyada ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir. Son vaxtlar qan-damar xəstəliklərinin və ölüm hallarının artması müşahidə olunur. Bu xəstəliklərin yaranmasına genetik faktorlar və xroniki xəstəliklər səbəb gətirilsə də, artım tempi pandemiya ilə əlaqələndirilir.
İddialara görə, Azərbaycanda ürək xəstəliklərinin gəncləşməsi və ölüm hallarının artmasına səbəb koronavirusa qarşı vurulan peyvəndlərdir. Məhz vaksinasiyadan sonra əksər insanlarda yeni xəstəliklərin baş qaldırması, ürəktutmaların, qəfil ölümlərin çoxalması barədə iddialar var.
Bu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd olunan iddialarla razılaşmayıb.
O, deyib ki, bununla bağlı əldə heç bir əsas yoxdur:
“Bunlar şayiələrdir və koronavirusla bağlı aparılan əsassız təbliğatlardır. Oradan-buradan qidalanan və məqsədli şəkildə həyata keçirilən təbliğatın nəticəsidir. Koronavirus peyvəndinin, eləcə də pandemiyanın özünün nəticələri ilə bağlı dünyada aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən ciddi tədqiqatlar aparılıb. Yəqin ki, yaxın vaxtlarda onunla bağlı müəyyən məlumatlar dərc ediləcək. Məhz bundan sonra nəsə demək mümkün olacaq.
Pandemiyadan əvvələ qədər 50 yaşında 10 adam yoxlansaydı, onun 4-5-nin ürəyində stent olduğu ortaya çıxacaqdı. Ürək-damar xəstəliklərinin son vaxtlar daha da artması bununla daha çox izah olunur. İndi pandemiyanın bununla nə dərəcədə əlaqəsinin olduğunun öyrənilməsi ilə bağlı da işlər gedir. Hər halda ürək xəstəliklərinin peyvənddən sonra artmasını birbaşa demək çətindir və bu, fikrimcə, əsassızdır”.
Adil Qeybulla qeyd edib ki, əslində ürək xəstəliklərindən ölüm hallarının artması bütün dünya üzrə görünən tendensiyadır:
“Bu xəstəlikdən ölüm halları hər zaman dünyada ilk sıralarda olub. Son vaxtlar Azərbaycanda bu xəstəliyin xeyli gəncləşməsinin səbəbləri var. Birincisi, həddən artıq qidalanma və qidalanmanın xüsusən günün ikinci yarısına düşməsi, trans yağların bizim qida rasionumuza daxil olması, aşırı tənbəllik, yəni daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans, şəkərli diabet, zərərli vərdişlərin olması, aşırı alkoqollu içki qəbulu və s...
Toylar, mərasimlər, əyləncə və mərasimlərin hamısı günün ikinci yarısına təsadüf edir. Bütün bunlar sözügedən xəstəliyin baş qaldırmasında ciddi rol oynayır. Bundan əlavə qida mədəniyyətinin və kütləvi idmanın olmaması, bu məsələdə kompleks hissinin formalaşması, xolesterinin artıqlığı da qeyd olunan xəstəliklərə səbəb olan amillərdəndir.
Hesab edirəm ki, həyat tərzinin sağlamlaşdırılması istiqamətində özümüz də təşəbbüs göstərməliyik. Televiziya ekranlarında şou və mənasız verilişlərin nümayiş olunmasındansa, genefondun sağlamlaşdırılması istiqamətində maarifləndirici proqramların verilməsi daha məqsədəuyğundur. Həmçinin qida mədəniyyətinə dəyişikliklərin edilməsi, fiziki fəallığın artırılması da çox vacibdir və gələcəkdə də bu istiqamətdə iş aparılmalıdır ki, qarşısı alına bilsin”.