“Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi laboratoriya şəraitində elmi tədqiqatların aparılmasıdır. Buna preklinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır, sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar həyata keçirilir”.
Bu barədə “Trend”ə açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.
O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb.
“COVID-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Preklinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatların insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəssüf ki, müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, “Omikron” da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu.
Bu haqda dünyanın ən prestijli jurnallarında Çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırladığımız COVID-19-a qarşı vaksin “Omikron” və “Delta”ya qarşı effektivdir. Vaksinin adının “Qarabağ” qoyulması planlaşdırılıb. Pandemiya bitsə də, “Omikron” variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də “Omikron” varianta yoluxurlar. Bu vaksin yeni yaranan variantlara qarşı da effektivdir”,- deyə T.Məmmədov bildirib.
Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib.