Müsbət meyilləri nəzərə alaraq, işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasının təxirə salınması müddətini 2024-cü ildə daha 3 il uzadılmasını təklif etmək istərdik.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
O, həmçinin təklif edib ki, icbari sığorta haqları ilə bağlı yeni vergi növü yaradılsın:
“Ümumiyyətlə hesab edirik ki, icbari tibbi sığorta haqları yeni vergi növü ilə əvəz olunarsa, yığımlar birbaşa dövlət büdcəsinə ödənərsə, əvəzində isə bütün vətəndaşların istisnasız olaraq tibbi xidmətlərə əlçatanlığına dövlət tərəfindən zəmanət verilərsə, əhalinin sağlamlığı sahəsində ciddi nəticə əldə etmək mümkün olar. Bu təcrübənin uğurlu tətbiq edildiyi ölkələr mövcuddur".
"2022-ci ildə dövlət büdcəsi xərclərinin 99,3% icra olunmasını təqdirəlayiq hal hesab edirik. Bu, son 10 ildə ilk dəfə rast gəlinən haldır. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi üçün çox vacibdir. Hesabat ilində büdcə xərclərindən 11,5 milyard manatın sosial xərclərə, o cümlədən 1,1 milyard manatın icbari tibbi sığorta xərclərinə yönəldilməsini sosial siyasətin maliyyə təminatı üçün vacib nəticə hesab edirik. Yeri gəlmişkən, hesabat ilində 4,5 milyon vətəndaşın icbari tibbi sığortadan faydalanmasını, xidmətlərə cəlb edilmiş özəl tibb müəssisələrini sayının 4,6 dəfə artaraq 111-ə yüksəlməsini, minimum vəzifə maaşı alan həkimlərin əmək haqlarının orta hesabla 3 dəfə artmasını yaxşı göstərici kimi qiymətləndiririk”, - deyə deputat əlavə edib.