"Gəlin xəstələndikdə dərdlərimizə çarələr axtarmayaq, sadəcə elə edək ki, xəstələnməyək və vasitələr axtarmayaq. Düzgün qidalanaq, təbiətdə olmağı, açıq havada gəzməyi sevək və ətrafımıza da sevdirək".
Qaziler.az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov turpun müalicəvi xüsusiyyəti haqqında paylaşımına bu fikirlərlə başlayıb.
"Turp elə bir qidadır ki, heç bir ziyanı yoxdur, çox sağlıqlı bir qidadır. Turpun tərkibi bədənimiz üçün lazım olan bütün vitamin və minerallarla zəngindir. Məsələn; turpun tərkibindəki zəngin C vitamini soyuq aylarda bizim sağlığımızın əsl qarantıdır. C vitamini immun sisteminin yaxşı vəziyyətdə olması üçün çox lazımlı bir vitamindir. Turpun tərkibində zəngin sellüloza var. Məlumdur ki, sellüloza sorulmur, bağırsaqlarımız bu maddəni həzm etmək üçün çalışır. Bizə də bu lazımdır, bağırsaqlar işləsin. Onda köp, qəbizlik aradan qalxar, ferment istehsalı çoxalar. Bununla da həm bağırsaqlar, həm mədəaltı vəzi, həm də öd yaxşı işləyər.
Turp öd istehsalını artırır, ağızda acılıq, öddə qum olanlar üçün turp ən yaxşı yeyəcəkdir. Bütün qışı hər gün turp yeməyə çalışın. Yazda isə ödünüzü yoxlatdırın, tərtəmiz olacaq inşallah.
Turp həm də qara ciyər piylənməsindən əziyyət çəkənlər üçün əsl qidadır. Qara ciyərində piylənmə olanlar hər gün yeməklərinizi turpla yeyin və açıq havada bol-bol gəzin. Turp ən yaxşı təmizləyicidir.
Böyrək daşı və qumlarından əziyyət çəkənlər də turpu çox yeysin. Faydasını görəcəksiniz inşAllah.
Turpun zəngin tərkibi hamilə qadınlar üçün olduqca faydalıdır. Nəzərə alsaq ki, hamilə qadınlara vitamin və minerallar daha çox lazımdır, onda turp əvəzolunmaz bir nemətdir.
Turp həm də hamilə qadınlarda ürəkbulanmanı azaldır, dölün inkişafına çox yaxşı təsir göstərir və uşağın zəkalı olmasına vəsilə olur. Buna səbəb turpun tərkibindəki fosfordur. Böyük insanların beyin toxumasının ən çox ehtiyacı olduğu bir mineraldır.
Turp ən gözəl sinə təmizləyicidir, öskürəyin bütün növlərində, bronxitlərdə olduqca faydalıdır. Uzun zaman xroniki bronxitdən əziyyət çəkənlər hər gün turp yesin, turp çox əla bəlğəmgətiricidir.
Zobdan əziyyət çəkənlər üçün (yod çatışmazlığı) turp yemək əvəzolumazdır.
Turp qanazlığından əziyyət çəkənlər üçün də faydalıdır, çünki turpda bol dəmir mineralı var. Turp ürək əzələsinin vurma gücünü artırır, çünki tərkibi kalium və maqneziumla zəngindir.
Turpdan çox istifadə edənlər mədə bağırsaq, süd vəzi, uşaqlıq xərçənginə tutulmazlar, çünki turp antioksidant mənbəyidir.
Çox yaxşı iştahgətiricidir, axşamlar yeyildikdə yuxunu dərinləşdirir, əsəb sakitləşdirici bir təsiri vardır. Turpun tərkibindəki antioksidantlar dərini gözəlləşdirir, saç tökülməsinin qarşısını alır.
Sonda öd daşı olanlar turpu ehtiyyatla istifadə etməlidirlər. Ödqovucu olduğundan daşların kanala düşməsinə səbəb ola bilər, amma az-az istifadə etsələr xolesterin mənşəli daşların əriməsinə kömək edəcək. Turpdan şəkər xəstələri də bol-bol istifadə edə bilərlər, turp şəkər xəstəliyində faydalı qidadır".
Firuzə Alimova
QAZİLER.AZ