"Böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır".
Qaziler.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır: "Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır. Xüsusilə, mobil telefon, planşet, televizor ilə çox vaxt keçirənlər daha çox oyaq qalmalı olurlar, bu da onların sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Bu o demək deyil ki, hər vaxtında yatan uşaq uzun boylu olacaq. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər".
Həkim vurğulayıb ki, uzun müddət yaşıdlarından geri qalan uşaqlar qrupu var: "Amma məktəbin son siniflərində boyları sürətlə uzanır və gəlib yaşıdlarına çatırlar, hətta onları keçirlər. Elə buna görə də, valideynlər bəzən qısaboylu uşaqlarını bu ümidlə həkimə gətirməkdə səhlənkarlıq edirlər. Artıq böyümə zonaları tamamilə bağlandıqda, boyun heç uzanmadığını hiss etdikləri zaman həkimə müraciət edirlər ki, o zaman da bir şey etmək mümkün olmur".
"Qeyd edim ki, boyları sonradan uzanan uşaqlar həkim tərəfindən müəyyən edilməlidir. Əgər uşaqlarda boy qısalığı varsa, yaşıdlarından geri qaldığı hiss olunursa, bu təqdirdə həkim müayinəsində olmalı və vaxtında müdaxilə edilməlidir", - uşaq endokrinoloqu A.Əkbərzadə əlavə edib.