Havaların kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də orqanizmdə mövcud olan xəstəliklər qışda daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti sistit, angena, tənəffüs çatışmazlığı və digər xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, çoxları qış xəstəliklərinin öz-özünə keçəcəyinə ümid edərək, onlara fikir vermir. Amma unutmayaq ki, qış mövsümündə başlayan xəstəliklər bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.
Soyuqdəymədən yaranan sistit
Soyuq havalarda ən çox rastlanan xəstəliklər sırasında sistitin adı ilk sıralardadır. Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır. Sistit xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Kişilərdə isə daha çox xroniki sistit olur. Sistitin yaranmasına səbəb kiçik çanaqda və sidik kanalının divarlarında qan dövranının pozulması, immunitetin aşağı düşməsi, infeksiya və soyuqdəymədir.
Əlamətləri
Sistit zamanı xəstə tez-tez sidiyə gedir, sidik kisəsində kəskin ağrılar olur. Ağır formada olanda isə xəstədə bədən temperaturu artır, hər 15-20 dəqiqədənbir sidiyə gedir, ürəkbulanma olur. Əgər xəstəliyin yaranmasına səbəb infeksiyadırsa, onda qadın həm də genekoloq müayinəsindən keçməlidir.
Məsləhət:
Sistiti müalicə etmək üçün öncə dar şalvar və ya alt paltarı geyinməmək lazımdır. Əgər işin oturaqdırsa hər 1,5 saatdanbir 5 dəqiqə ayaqüstdə durub, dincəl. Kəskin ədviyyatlı yeməklərdən uzaq ol. Əgər qəbizlik varsa, qida rasionuna çoxlu meyvə və tərəvəz daxil et. Hərarət qalxanda isə ancaq su içmək lazımdır.
· 1 stəkan yulaf toxumunu 2 stəkan suya töküb, qatılaşana kimi qaynat. 1 xörək qaşığı bal qatıb qarışdır. Gün ərzində 3 dəfə ½ stəkan qəbul et.
· Əczaxanada satılan çobanyastığı qurusundan (20 qram), nanə (15 qram) və ağcaqovaq ağacının qurusundan (20 qram) götürüb qarışdır. Ondan bir xörək qaşığı götürüb, 200 ml. suda 3-4 saat vam odda dəmə qoy. Gün ərzində yeməkdən əvvəl 4-5 dəfə 100 ml. qəbul et.
Səsli-küylü xəstəlik - menyer
Qışın soyuğunda özünü büruzə verən xəstəliklərdən biri də menyerdir. Menyer daxili qulağın qeyri-iltihabi xəstəliyidir. Bu xəstəliyin geniş yayılmasına baxmayaraq onun səbəbləri hələ də tam olaraq aydınlaşdırılmayıb. İlkin variantlara görə xəstəliyin yaranmasına səbəb soyuqdəymədir. Qulaqlarda qan dövranı pisləşir. Allergik reaksiyalar menyer xəstəliyinin inkişafında müəyyən rol oynayır. Menyer xəstəliyi daha çox klimakterik dövrdə aşkarlanır.
Əlamətləri
Xəstəlik zamanı qulaqda güclü küy olur. Xəstə başgicəllənməsindən, ürəkbulanmasından, zəif eşitmədən şikayətlənir. Dəri örtüyü ağarır, nitq pozulur. Getdikcə isə karlaşma başlayır. Menyer zamanı qulaqda damar genişlənməsi olur və güclü ağrılar başlayır. Daxili qulaq şişməyə başlayır. Bu, sinir sisteminə də təsir edir. Tutmalar zamanı sakitləşdirici və allergiya əleyhinə vasitələrdən istifadə olunur. Əgər müalicə bir nəticə verməsə, bu zaman cərrahi müdaxilə edilir. Menyerin simptomları özünü gecə və səhər yuxudan ayılanda göstərir.
Məsləhət:
Menyer zamanı rasionda süd və bitki qidasını çoxaltmaq lazımdır.
Tibet üsulu ilə müalicə
· Çobanyastığından 100 qr., qaxotundan 100 qr., solmaz çiçəyindən 100 qr., tozağacından 100 qr., çiyələk yarpağından 100 qr. götürüb qarışdır. Qarışıqdan 2 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya əlavə edib, termosa tök və səhərə kimi saxla. Səhər yeməyindən sonra 200 ml. iç.
Soyuq əllər
İnsanların çoxu yay və ya qış vaxtı əl - ayaq barmaqlarının soyuq olmasından şikayətlənir. Çoxlarımız buna ötəri yanaşırıq. Qeyd edək ki, bu ciddi xəstəlikdir. Tibb elmində sklerodermiya kimi tanınan bu xəstəlik orqanizmdə ciddi problemlərin yaranmasına, həyatın iflic olmasına gətirib çıxara bilər. Sklerodermiya birləşdirici toxumaların xəstəliyidir. Böyrəklər, sinir sistemi və ürəklə əlaqədardır. Bu xəstəliyə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəlik zamanı immunitet aşağı düşür. Xəstəliyin yaranmasına soyuqdəymə, bakteriya və virus infeksiyası, xroniki və endokrin xəstəlikləri, allergiya və əsəb sisteminin pozğunluğu səbəb olur.
Əlamətləri
Əllər soyuq olur, dırnaqlar göyərir. Nəticədə, bir-iki ildən sonra dəri bərkiməyə, çatlamağa başlayır, saçlar tökülür və dırnaqların kənarında ətlər çıxıb, tez-tez qanayır. Ürək nahiyəsində ağrılar olur. Xəstəlik ciddi olduğundan müalicə mütəmadi aparılmalıdır.
Məsləhət:
Sklerodermiya xəstəsi stresdən uzaq olmalı, qışda daim isti paltar geyinməlidir. Xəstəlik zamanı yaxşı olar ki, səhərlər idmanla məşğul olub, əl və ayaq barmaqlarına tez-tez masaj edəsən.
· Cökəçiçəyindən, qatırquyruğu otundan, üçrəng bənövşədən,ballıbaba otundan, tozağacından eyni miqdarda götürüb qarışdır. Qarışıqdan bir xörəq qaşığı götürüb, 1 stəkan isti suya töküb, 1 saat dəmlə. İki yerə bölüb, gün ərzində iç. Müalicəni 1-2 ay davam etdir.
· Yemişan, qaraqınıq (duşitsa), qaxotu, şirquyruğu, cökəçiçəyi, qırmızı yonca və pıtraq bitkisindən eyni miqdarda götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 0,3 stəkan iç.
Dəniz xəstəliyi
Dəniz xəstəliyi hamıya məlum olan bir xəstəlik növüdür. Amma çoxlarımız bunu bir xəstəlik kimi qəbul etmirik. Bəzi insanlar var ki, onlar avtomobilə, təyyarəyə, avtobusa minərkən ürəkbulanmasından, başgicəllənməsindən, yorğunluq və əzginlikdən əziyyət çəkirlər. Bu hala payız və qış aylarında daha çox rastlanır. Buna «dəniz xəstəliyi» deyilir. Xəstəliyə bütün yaş qrupuna daxil olan insanlarda rast gəlinir. Dəniz xəstəliyi daxili qulaq, göz və boğaz xəstəlikləri zamanı başlayır. Xəstəlik sinir sistemi ilə əlaqədardır.
Məsləhət:
· Yola çıxanda özünlə limon içlikli zeytun götür.
· Bir stəkan qaynar suya 0,5 çay qaşığı zəncəfil töküb dəmlə. İlıq halda olan qarışığı yola çıxmazdan yarım saat əvvəl iç.
· Yola çıxmazdan əvvəl arasına buz qoyulmuş dəsmalla sinəni və alnını sil. Əgər buz yoxdursa, onu soyuq su ilə də əvəz etmək olar.
Qışın bəlası - angina
Payız - qış aylarında insanların 70 faizi bu xəstəlikdən əziyyət çəkir. Anginanın yaranmasına səbəb streptokokklar, viruslar və pnevmokokklardır. Soyuqdəymə angenaya meyilliyi artırır. Məlumdur ki, angina zamanı badamcıqlar şişir, irinləyir. Virus badamcıqlara hava-damcı yolu ilə keçir. Anginaya ötəri yanaşmaq olmaz, o ciddi xəstəlikdir. Əgər anginadan bir-iki həftə sonra oynaqlarda ağrılar hiss etsəniz, dərhal revmatoloqa müraciət edin. Bu, anginanın səndə revmatizm xəstəliyi yaratması deməkdir. Xroniki tonzitlərdə isə cərrahi müdaxiləyə ehtiyac var.
Əlamətləri
Xəstəlik zamanı hərarət 40 dərəcədən də yüksəyə qalxa bilir. Xəstədə başağrısı, halsızlıq, iştahanın olmaması, udqunma zamanı ağrı kimi hallar aşkarlanır. Angina zamanı qan damarları sıxıldığından udlağa qan gəlmir.
Məsləhət:
· Qırmızı çuğunduru sürtgəcdən keçirib, şirəsini çıxart. Bir stəkan qırmızı çuğundur şirəsinə 1 xörək qaşığı sirkə tök. Gündə 5-6 dəfə həmin qarışıqla boğazını ovuşdur.
· Cirə otundan 1 çay qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3-4 dəfə yeməkdən yarım saat əvvəl ¼ stəkan iç.
· Spirt 100 ml., nanə 2,5 qr., novokain 5 qr., anestezin 1,5 qr. götürüb qarışdır. Gündə iki dəfə qarışıqdan boğaza sürt, sonra qalın şərflə bağla.
Tənəffüs çatışmazlığı
Ağciyər xəstəlikləri qorxulu olduğu qədər də çox yayılandır. Qış aylarında isə bu xəstəliyə yoluxmağın riski daha da artır. Ağciyər xəstəlikləri arasında ən geniş yayılanı tənəffüs çatışmazlığıdır. Yaranmasına bronx boşluğunun və ağciyərdə qan dövranının pozulması səbəb ola bilər. Tənəffüs çatışmazlığına ötəri yanaşmaq olmaz. Bu xəstəlik insanın ölümünə belə səbəb ola bilər.
Əlamətləri
Tənəffüs çatışmazlığı zamanı beyinə oksigen ötürülmür. Xəstədə başağrısı, halsızlıq, tənginəfəslik, boğulma kimi hallar müşahidə olunur. Tənəffüs çatışmazlığını dərinin boz rəngdə olması ilə də müəyyən etmək olar.
Məsləhət:
Tənəffüs çatışmazlığı olanda idman etmək məsləhətdir.
· Təzə narı sıxıb, suyundan gün ərzində 6 dəfə 1 xörək qaşığı iç.
· Yulaf çöpündən 3 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya tök. 1-2 saat saxladıqdan sonra, süzüb iç.