Dolu mədəyə yatmaq olmaz və sağlamlığa ziyandır. Düzdü, bunu bilməyən az insan tapılar. Amma “Bir parça pendirdən nə olacaq ki?” deyib yan keçməyin.
Qaziler.az TurpKimi.com-a istinadla bildirir ki, xalq arasında uzun illərdir yatmazdan əvvəl yeyildikdə pendirin qorxulu yuxulara səbəb olduğuna dair inanc var. Pendir haqqında belə bir şayiələr yayılsa da, son araşdırmalar bunun tam əksini ortaya qoyub. Belə ki, pendir və yuxu arasında xüsusi bir bağlılıq var.
Bildiyimiz kimi yatmazdan əvvəl yeyilən yağlı və ağır yemək həzmsizliyə yol açır və yuxunun qaçmasına gətirib çıxarır. Yarımçıq yuxu daha çox kabusun görülməsinə, ya da ən azından tez-tez oyanmağa səbəb olur.
Lakin bu hal pendirə aid deyil, çünki pendir vitamin və faydalı tərkiblə zəngindir. Məsələn, az yağlı pendirlərdə serotonin hormonunun ifrazına şərait yaradan amin turşusu triptofan yüksəkdir. Serotonin isə bədəni rahatlanmağa təşviq edən və yuxu prosesini idarə etmək üçün əvəzolunmaz bir neyrotransmitterdir.
Bundan əlavə, pendir kalsiumla zəngindir. Bu mineral stressi azaltmağa və sinir liflərini sabitləməyə kömək edir. Yəni sinir sistemi daha çox oturuşur və istirahəti təmin edir.
Kalsium hətta beyindəki sinir liflərinə də təsir edir. Ona görə də pendir yedikdən sonra rahatlayan təkcə orqanizminiz olmur, həm də beyniniz dincəlir.