"Omicron" ştammının simptomları nələrdir? - AÇIQLAMA

"Omicron" ştammının simptomları nələrdir? -  AÇIQLAMA backend

Koronavirusun yeni variantlarına qarşı mübarizədə ənənəvi metodlardan istifadə edilir.

Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, yeni yaranan "Omicron" variantının öldürücülük qabiliyyətinin digərlərindən yüksək olub-olmadığı ilə bağlı hələlik məlumat yoxdur.

"Ümumdünya Səhiyyə Təşkilatının "Omicron" adı koronavirusun yeni variantı (B.1.1.529) ilk dəfə Cənubi Afrika Respublikasında yoluxma sayının artmasından şübhələnilərək aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapıb. Ancaq xəstəlikdən ölüm hallarının artması sadəcə virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda yoluxma hallarının sayının artması ilə də əlaqələndirilə bilər. Bu baxımdan bu mutasiyanın əvvəlkilərdən daha yoluxucu və ya daha öldürücü olub-olmadığı hələlik bilinmir. Bu istiqamətdə tədqiqatlar davam etdirilir. Xəstəliyin müalicə və diaqnostikası əvvəlki metodlarla davam etdirilir. Yəni, heç bir dəyişiklik yoxdur. Virusdan qorunma yolları da eynilə qalır. Fərdi gigiyena qaydalarına əməl etməklə yanaşı, maska taxılması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, həmçinin vaksinasiyadır. Hələ ki, virus yenidir. Əlavə məlumat olarsa, ÜST-dən bildiriləcək və biz də bunu ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, ÜST-ün açıqlamalarına görə, bu variant bəziləri narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir.

Cənubi Afrika Təbiblər İttifaqının sədri Angeliku Kutzi isə açıqlamasında qeyd edib ki, yeni variantın simptomları əvvəlkilərdən çox fərqli və yüngüldür. Və xəstələrin əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Onun sözlərinə görə, Vuhan və Delta variantlarından fərqli olaraq buna yoluxanların heç biri dad və iybilmə hissiyatını itirmir, bir-iki günlük əzələ ağrısı və yorğunluqla müşahidə olunan yüngül bir xəstəlik kimi başlayır.

Artıq "BioNTech" və "Moderna" şirkətləri mövcud vaksinlərin yeni varianta qarşı təsirlərini öyrənmək üçün araşdırmalara başlayıblar. Həmçinin, ayrıca olaraq "Moderna" "Omicron"a qarşı xüsusi buster doza üzərində çalışmalara başlanılacağını açıqlayıb.

Xatırladaq ki, yeni varianta Belçika, İngiltərə, Almaniya və Çexiyada da rast gəlinib.

Diaspora