Son illər siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərdə görürlər. Elektron siqaretin zərərsiz olduğunu düşünən şəxslər bu yolla sağlamlıqlarını qoruduqlarını, yaxud adi siqaretdən çəkinəcəklərini düşünürlər.
Bəs elektron siqaretin insan sağlamlığına zərərləri varmı?
Pulmonoloq Əsəd Beydullayev "Report"a bildirib ki, elektron siqaretlər heç də düşünüldüyü kimi siqareti tərgitməyə kömək etmir.
Onun sözlərinə görə, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir: “Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də ən əsas buna görə insanlara siqarətdən imtina etməsini məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.
Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Düzdür, elektron siqaretin tənəffüz yollarına vurduğu ziyanlar barəsində hələlik araşdırmalar o qədər də çox deyil. Amma istənilən hansısa yad, ağciyərin tanış olmadığı zərərli tüstünün tənəffüs yollarına getməsi zamanla patologiyalara gətirib çıxarır”.
O vurğulayıb ki, elektron siqaret sadəcə marketinq siyasətinə xidmət edən bir vasitədir: “Yekun olaraq hər iki siqaret ölümə aparan yoldur. Elektron siqaret sadəcə əvəzedicidir və siqaret şirkətlərinin reklam siyasəti üçün vasitədir. Düzdür, dünya ölkələri insanları siqaretdən çəkinməyə çağırır, bununla bağlı videoçarxlar da təqdim edir. Amma bununla bərabər biz elektron siqaretlərin reklamını da görürük. Guya ki, insanlar onun vasitəsi ilə siqaretdən imtina edə bilər. Ancaq nikotin aludəçiləri anlamalıdır ki, bu, birmənalı olaraq çıxış yolu deyil, istənilən ağciyər üçün yad olan tüstü sağlamlığa zərərdir. Siqaretdən isə sadəcə şəxsi iradəmizlə imtina edə bilərik”.