Artıq dünyada koronavirusa qarşı həblər gündəmdədir. "Pfizer"in "Paxlovid", "Merck" dərman şirkətinin isə "Molnupiravir" adlı preparatları yaxın vaxtlarda satışa çıxarıla bilər.
Bəs həmin dərmanların Azərbaycana gətirilməsi və istifadəsi nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov sözügedən dərmanların eksperiment xarakteri daşıdığını bildirib.
Onun sözlərinə görə, hələ bu istiqamətdə tədqiqatlar başa çatmayıb:
"Həmin dərmanlar kütləvi istifadə edilə biləcək səviyyədə deyil. Əvvəl də belə dərmanlar çox olub, lakin özünü doğrultmayıb. Təcrübələr olsa, preparat özünü doğrultsa, beynəlxalq qurumlar tövsiyə etsələr, bizdə də bu istiqamətdə qərar verilə bilər. Lakin hələ bu haqda danışmaq bir az tezdir" - deyə T.Eyvazov əlavə edib.