Bu sabahı İmişli rayonunda 11 yaşlı qızın dünyaya uşaq gətirməsi xəbəri ilə açdıq. 2010-cu il təvəllüdlü körpə, hələ həyatın nə olduğunu anlamayan qızcığaz təcavüzə uğrayıb. Anası qızının təcavüzə uğradığını bilsə də, susur, şikayətçi olmur, hətta hamilə uşağı gətirib ata nənənin üstünə atır ki, həkimə apar "qarnına su yığılıb".
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-də qızın atalığı tərəfindən təcavüzə uğradığı qeyd edilsə də, İmişli Rayon Prokurorluğundan bildirilib ki, həmin şəxs saxlanılıb və hazırda DNT analizi tətbiq edildiyi üçün nəticə gözlənilir. Nəticə bəlli olduqdan sonra qərar veriləcək. Prokurorluğun araşdırmasına görə, uşaq bu ilin mart ayında təcavüzə uğrayıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hadisəni törədənin naməlum şəxs olduğunu düşünmür. Onun fikrincə, ailədə uşağa qarşı laqeyd münasibət olmasaydı, uşağın bu vəziyyətindən xəbərsiz olunmazdı.
Uşağın nənəsi və əmisi mətbuata müxtəlif açıqlamalar verib. Amma maraqlısı odur ki, 11 yaşlı qız hamilə qalmasaydı, kimsə bu hadisədən xəbərdar olmayacaqdı.
Psixoloq Leyla Zamanova deyir ki, 11 yaş qız hələ uşaq hesab edilir. Yəni, bu dövrdə o, böyüməyə başlayır: "Cinsinin fərqinə varır, bədənində müəyyən orqanların inkişafı başlayır. Bu dövrdə analar, qızlarına qarşı həssas davranmalı və onlara yavaş-yavaş kim olduqlarını başa salmalıdır. Bu yaş dövründə, uşaqlarda ruhi dalğalanmalar baş qaldırır. Uşaqlar, 11 yaşından sonra yeniyetməlik dövrünə daxil olurlar. 11-12 yaşlarında onlarda maraq hissi yaranır. Kim olduqlarını fərqləndirməyə başlayırlar"...
11 yaşlı qız uşağı, zorlandığını dərk edirmi? Bəli, qeyri-adi bir hadisənin baş verdiyinin fərqində olur, amma bunun nə olduğunu və fəsadlarını, nəticələrini bilmir. 11 yaşlı uşaq, gələcəyi düşünə bilmir. 11 yaşlı uşaq, cinsi əlaqənin nə olduğunu, bundan sonra hamiləliyin baş verə biləcəyini bilmir. Bu yaş dövründə, uşaqlarda bəzi qığılcımlar ola bilər, bu genetikdir.
Adətən uşaqlar, özlərini analarının yanında olarkən güvəndə və qorxusuz hiss edirlər. Bir ailədə ana öz övladı ilə maraqlanmırsa və öz hisslərini övladından üstün hesab edirsə, təbii ki, bu halda uşağın dərdini deyəcək kimsəsi olmur.
Psixoloqun fikrincə, qız hələ uzun illər yaşadığı bu hadisənin psixoloji travmasını yaşayacaq.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Bizimyol.info