Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq - Həkim

Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq -  Həkim backend

Azərbaycanda digər ölkələrə nəzərən epidemik vəziyyət daha qənaətbəxş olsa da, hazırda koronavirusa yoluxma sayı 2000-i ötür və azalma dinamikasına bir müddətdir ki, keçə bilmirik.

Qazilər.az bildirir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib. Onun sözlərinə görə, bu, epidemiyaya qarşı mübarizəni artırmağı, xüsusilə buster dozalara əhəmiyyət verilməsini zəruri edir: "Azərbaycanda ən geniş istifadə olunan vaksin "Coronavac"dır, bu vaksinin də effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu artıq elmə məlumdur. Bununla birlikdə 2 doza vaksin almış böyük bir əhali qrupu artıq 6 ayı geridə qoyub və orqanizmlərindəki spesifik immunitet zəifləyib və ya itib. Bu səbəbdəndir ki, vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq. Buradan belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT vaksinlərinə üstünlük verilməsinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir. Uşaqlar və digər vaksinasiyadan kənarda qalmış şəxslər üçün isə ənənəvi olaraq ara məsafəsi, qapalı məkanlarda maskadan istifadə və gigiyenik qaydalara riayət etmək ən effektiv mübarizə üsuludur".

Qeyd edək ki, hazırda dünyada, həmçinin region ölkələrində COVİD-19 virusuna yoluxmalarda kəskin artım müşahidə olunur. Buna mövsümlə əlaqədar havaların soyuması səbəbindən insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə yanaşı, COVİD -19 virusunun yeni mutasiyası, "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan "AY.4.2"-nin yayılması da öz təsirini göstərir. Yoluxmalar artsa da bir çox ölkələlə müqayisədə Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda ölkəmiz dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-ci sıradadır. Lakin yoluxmaların artması daha intensiv vaksinasiyanı və 3 cü dozanın tətbiqinin sürətləndirilməsini zəruri edir.

Diaspora