Üçüncü doza sonuncu olacaqmı? – “Yerusəlim Post”

Üçüncü doza sonuncu olacaqmı? –  “Yerusəlim Post” backend

COVİD-19 infeksiyası əleyhinə peyvəndin üçüncü dozası sonuncu olacaqmı? İsrailin “Yerusəlim Post” qəzetində dərc edilmiş yazıda mütəxəssislərin köməyilə bu suala cavab axtarılıb.

Novator.az saytı “Yerusəlim Post”un şöbə müdiri Maayan Yaffe-Hoffmanın hazırladığı yazını ingiliscədən çevirərək təqdim edir.

Qızılca əleyhinə peyvənd bir dəfə və həmişəlik vurulur. Suçiçəyi peyvəndi təsirini 20 ilə qədər saxlayır. Difteriya, tetanoz və göy öskürəyə qarşı vaksinlər 7 yaşa qədər beş dəfə vurulur və insanı ən azı 10 ilədək qoruyur.

Bəs niyə koronavirus peyvəndləri hər altı aydan bir və ya hər il vurulmalıdır?

Hazırda insanların ildə ən azı bir dəfə COVİD infeksiyasına qarşı əlavə peyvənd qəbul etməsini zərurətə çevirən səbəblər var. Ancaq peyvəndin üçüncü dozasının sonuncu ola biləcəyini düşünmək üçün də bəzi əsaslar mövcuddur.

Tel-Əviv Universitetinin tibb fakültəsinin doktoru Oren Kobiler qeyd edir ki, koronavirus əleyhinə peyvəndin dördüncü, beşinci və ya altıncı dozalarına ehtiyacı ortaya çıxaran əsas səbəb orqanizmdə antitel səviyyəsinin, yəni COVİD-ə qarşı müqavimətin getdikcə zəifləməsidir: “Tədqiqatlar göstərir ki, “Pfizer” vaksininin koronavirusa təsir gücü 4-6 aydan sonra azalır. Bu isə insanları infeksiya qarşısında yenidən zəiflədə bilər. Ona görə əlavə dozalara ehtiyac yaranır. Əlavə dozalar antiteli gücləndirir, bizi virusdan daha yaxşı müdafiə ilə təmin edir”.

Bar-İlan Universitetinin tibb fakültəsinin molekulyar virologiya laboratoriyasının rəhbəri professor Meytal Qal Tanami deyir ki, təkrar dozalara ehtiyac duyulmasının bir səbəbi də virusun müxtəlif variantlarının olmasıdır: “Əgər virus daima mutasiyaya uğrayırsa, deməli, yeni təhlükələr yaranır. Həmin təhlükələrdən müdafiə olunmaq üçün vaksinlər də yenilənməlidir. Vaksin istehsalçıları üçün müsbət hal isə odur ki, koronavirusun dəyişikliyə uğrama tempi qrip virusu ilə müqayisədə üç-dörd dəfə azdır”.

Oren Kobilerin sözlərinə görə, təkrar doza təkcə infeksiyaya yoluxanda xəstəliyin güclənməsinin deyil, ümumiyyətlə infeksiyanın da qarşısını ala bilir: “Peyvəndlərin əksəriyyətindən infeksiyaların yox, onların şiddətinin qarşısını almaq üçün istifadə olunur. Hazırda istədiyimiz odur ki, vaksinlər ümumən xəstəliyin, bütövlükdə infeksiyanın qabağını alsın.

Dünyada adamların çoxunun xəstəliyin şiddətinin qarşısını almaq üçün təkrar peyvəndlənməyə ehtiyacı yoxdur, ancaq bu, onlara koronavirusa yoluxmamaq və başqalarını yoluxdurmamaq üçün lazımdır”.

Koronavirus peyvəndinin üçüncü dozasının sonuncu olacağına inanmaq üçün əsas varmı?

Uşaq peyvəndlərinin bir çoxu, məsələn, poliomielit və papillomavirus peyvəndləri üç dəfədən artıq vurulmur. Papillomavirusa qarşı peyvənd 15 yaşdan sonra üç dozada – ilk dozadan bir ay sonra ikinci, altı ay sonra üçüncü doza – vurulur. Onun təsiri ömürlükdür.

Oren Kobiler daha bir ideyanın olduğunu deyir: “Vaksinin təsirini artırmaq üçün dozalar arasında intervalı dəyişmək olar. Məsələn, son bir neçə elmi məqalədə vurğulanır ki, “Pfizer” peyvəndinin birinci və ikinci dozaları arasında interval üç həftə yox, səkkiz, hətta on iki həftə olsa, daha güclü immunitet yaranar.

Artıq ikinci dozadan 6 ay sonra üçüncü dozanın vurulmasına başlanıb. Mən nə vaxtsa dördüncü dozaya ehtiyac olacağına inanmıram.

Bir sıra alimlər hesab edirlər ki, pandemiya nəhayət endemik, yəni məhdud mərhələyə adlayacaq, nəticədə qlobal koronavirus təhlükəsi səngiyəcək, vaksinasiyaya zərurət aradan qalxacaq. Mən də belə düşünürəm.

Bizim artıq başqa koronaviruslar haqda təcrübəmiz var. Bilirik ki, gənc yaşında virusa tuş gələnlər, əvvəla, onu yüngül keçirirlər. İkincisi, gənc vaxtında yoluxduğuna görə yaşlı çağda artıq bu xəstəliyi ağır keçirmirlər”.

“Nəhayət, hər yeni doza həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlkindən daha yaxşı müqavimət formalaşdırır. İmmun reaksiyasi daha spesifik, antitel isə daha təsirli olmağa başlayır” – doktor Qal Tanami vurğulayır.

“Biz bütün ömrümüz boyu koronavirus peyvəndi vurdurmalı olacağıqmı” sualına Qal Tanami belə cavab verir: “Bunu zaman göstərəcək”.

Diaspora