Burnunuz axır? Qızdırmanız var? Çox yorulursunuz? ABŞ-ın “Wall Street Journal” qəzetində qrip mövsümündə bu xəstəlikləri bir-birindən ayırd etməyin yollarına dair məqalə dərc olunub. Məqaləni mütəxəssis rəylərinə istinadla jurnalist Alina Dizik qələmə alıb. Novator.az saytı “Qripə yoluxmuşuq, yoxsa COVİD-19-a? Bu il simptomları bir-birindən ayırmaq çətinləşib” başlıqlı məqaləni ingilis dilindən çevirərək təqdim edir.
Həkimlər bu il qrip mövsümünün sərt keçəcəyini gözləyirlər. O biri yandan başqa narahatlıq da meydana çıxır: xəstələr qripə, COVİD-19-a, yaxud digər virusa yoluxduqlarını ayırd etməkdə çətinlik çəkəcəklər.
Qriplə koronavirusun əksər simptomları oxşardır. Qızdırma, yorğunluq və ağrı hər ikisində olur. Peyvəndlənmiş insanlar koronavirusa yoluxanda və bu xəstəliyi yüngül keçirəndə onlarda burun axmasına və asqırma hallarına daha çox rast gəlinir ki, bunun da qrip, COVİD-19, soyuqlama, yoxsa allergiya olduğunu ayırd etmək çətinləşir.
İngiltərənin Durham şəhərindəki Dyuk Universitetinin xəsətəxanasında çalışan infeksion xəstəliklər üzrə mütəxəssis Kameron Vulf deyir: “Burun tutulması, yaxud allergiya simptomlarına adi hal kimi yanaşa bilərsiniz, amma bunlar sizi qəfil yaxalayan infeksion xəstəliyin əlamətləri də ola bilər”.
Beləliklə, həkimlər xəstələndiyimiz zaman COVİD-19 və digər xəstəlikləri bir-birindən necə ayırd etməli olduğumuz haqda məlumat verirlər.
COVİD-19 infeksiyası qrip, soyuqdəymə və digər xəstəliklərədən hansı simptomlarla fərqlənir?
Peyvənd olunan insanlarda peyvənd olunmayanlarla müqayisədə simptomlar daha yüngül və daha qısa sürdüyü üçün qrip və soyuqdəymə ilə səhv salına bilər. Belə simptomlara burun axması, yorğunluq və öskürək aiddir.
COVİD-19-a xas olan simptomlardan biri dadbilmə, yaxud iybilmənin itirilməsidir. “Dadbilmə və iybilmənin itirilməsi simptomu istisna olmaqla qrip və COVİD-19 xəstəliklərinin kliniki simptomları və əlamətləri faktiki eynidir” – Los-Ancelesdəki “UCLA” Sağlamlıq Mərkəzinin infeksionisti Daniel Uslan belə deyir.
Amma COVİD-19 həmişə dadbilmə və iybilmənin itirilməsi ilə nəticələnmir. Yəni dadbilməsi və iybilməsi itməyən xəstələr koronavirusa yoluxmadıqlarına tam əmin olmasınlar. Diaqnozu dəqiqləşdirmək üçün həkimlər koronavirus testindən keçməyi məsləhət görürlər.
İnkubasiya dövrü xəstəlik haqqında nə deyir?
Qriplə müqayisədə COVİD-19-un simptomları daha uzun sürür. Belə ki, əgər diaqnozu bilinməyən bir xəstə ilə təmasda olduqdan qısa müddət sonra xəstələnmisinizsə, çox güman ki, COVİD-19-a yox, qripə yoluxmusuz.
Amma o da var ki, koronavirusun delta variantında simptomlar tez üzə çıxır. Bu səbəbdən doktor Vulf deyir ki, inkubasiya prosesi haqqında fikir bildirmək çətindir.
Uşaqlarda qrip və COVİD-19 əlamətlərini necə ayırd edək?
Yetkin insanlarda olduğu kimi, uşaqlarda da bu iki xəstəliyi bir-birindən ayırd etmək çətindir.
Hyustonda Texas Uşaq Xəstəxanasının uşaq infeksionisti, eyni zamanda İnfeksion Xəstəliklər üzrə Amerika Pediatriya Cəmiyyəti Akademiyasının üzvü Flor Munozun sözlərinə görə, həm qripə, həm də COVİD-19-a yoluxmuş uşaqlarda böyüklərlə müqayisədə mədə-bağırsaq pozuntularına daha çox rast gəlinir.
Üstəlik, COVİD-19-a yoluxmuş uşaqlarda yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri də baş qaldırır.
Həm qrip, həm də COVİD-19 testindən keçməyə lüzum varmı?
Simptomlar aşkarlanıbsa, həkimlər hər iki xəstəliyə görə test verməyi məsləhət görürlər.
PZR testi hələ ki, koronavirusu aşkarlayan ən düzgün metoddur. Reseptsiz satılan sürətli antigen testlər də insanların etimadını qazanıb, üstəlik, daha praktikdir. Təxminən 15 dəqiqə içində nəticəni göstərən sürətli test çubuqlarını alıb evdə istifadə etmək də mümkündür.
Doktor Uslanın fikrincə, sürətli test cavabı neqativ çıxan, simptomları isə hələ də davam edən insanlar PZR testi də verməlidirlər.
Uslan əlavə edir ki, belə xəstələr həkim məsləhəti ilə digər xəstəliklərə, eləcə də qripə qarşı testdən keçsələr yaxşı olar.
Ətrafdakı sağlamlıq mənzərəsi xəstələrə simptomlarını anlamaqda kömək edə bilərmi?
Tibb işçilərinə kömək etmək məqsədilə səhiyyə orqanları xəstəliklər haqqında tez-tez məlumat dərc edir. İnsanlar yerli statistikaya əsasən yaşadıqları ərazidə qripin, eləcə də respirator virus kimi digər xəstəliklərin başlanma vaxtı barədə məlumat alırlar.
Həkimlər deyirlər ki, əgər bir xəstəlik həddindən artıq yayılıbsa, o zaman hər kəsin o xəstəliyə yoluxma ehtimalı yüksəkdir.
Eyni vaxtda bir neçə infeksiyaya yoluxmaq mümkündürmü?
Bəli, mümkündür. Doktor Munozun dediyinə görə, xüsusilə uşaq bağçalarında və məktəblərdə bir neçə virus adətən eyni vaxtda yayılır və bu səbəbdən uşaqlar arasında yoluxma halları daha çox olur.
Böyüklərlə müqayisədə uşaqlarda baş qaldıran respirator və adenovirus kimi narahatlıqlar ciddi xəstəliklərə gətirib çıxara bilər.
Həm COVİD-19, həm də qripə qarşı peyvəndlənməyə gərək varmı?
Həkimlər “bəli” cavabını verirlər. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi də eyni vaxtda həm qrip, həm də COVİD-19-a qarşı peyvəndlənməyi məsləhət görür.
Alina Dizik
Mənbə: Wsj.com