Koronavirus infeksiyasına görə məhdudiyyətlərin, o cümlədən “Evdə qal” siyasətinin ilk dəfə tətbiq olunduğu vaxtdan ilyarım ötsə də, məhdudiyyətlərin bir çoxu artıq ləğv olunsa da, insanlarda hələ də pandemiyanın yaratdığı depressiv simptomlar qalır. Novator.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının Avropa bölməsinin rəhbəri Nataşa Azzopardi-Muskat redaksiyası Brüsseldə yerləşən “EUObserver” internet nəşrinə müsahibəsində belə deyib.
O bildirib ki, fiziki pandemiyaya səbəb olmuş COVİD-19 infeksiyası özü ilə tədricən ikinci pandemiyanı da gətirməkdədir: psixoloji pandemiya. Beləliklə, COVİD ikiqat – fiziki və psixoloji pandemiyaya çevrilməkdədir ki, hazırda mütəxəssisləri ən çox narahat edən məsələlərdən biri də budur.
Nataşa Azzopardi-Muskat deyib ki, Avropanın bir çox ölkəsində psixoloji sağlamlıq mərkəzlərinə müraciət edənlərin sayında kəskin artım müşahidə olunur. Müraciət edənlər təkcə əvvəldən psixoloji problemləri olmuş pasiyentlər deyil, onların arasında koronavirus pandemiyasına qədər psixoloji sağlamlığından şikayət etməmiş insanlar da var.
COVİD-19 infeksiyasının fəsadlarının posttravmatik stress pozuntusuna bənzədiyini söyləyən Nataşa Azzopardi-Muskat bildirib ki, başqa travmalarda olduğu kimi, COVİD-də də eyni psixoloji hal müşahidə edilir: hadisə (travma) ötüb keçir, amma onun ağrılı xatirəsi, həyəcanı qalır.
Ancaq həkim Muskat vurğulayıb ki, pandemiyanın doğurduğu psixoloji fəsadların qarşısını almaq hələ gec deyil. O, problemdən az ziyan çəkmiş insanlarda mənfi halların uzun müddət davam etməyəcəyinə, müvəqqəti xarakter daşıdığına əminliyini ifadə edib: “COVİD-19 cəmiyyətin bütün təbəqələrinə problemlər yaratsa da, vacib dəyişikliklər üzərində düşünmək üçün insanlara əvəzsiz fürsət də verib. İnsanlar indən belə psixoloji sağlamlıqlarının qayğısına daha diqqətlə yanaşmalı olacaqlar”.
Muskatın sözlərinə görə, pandemiya Avropa Birliyi məkanında psixoloji sağlamlıq xidmətlərində, xüsusilə operativ, əlverişli və keyfiyyətli müalicə məsələlərində boşluqları üzə çıxarıb: “Hazırda səhiyyə sistemində psixiatr və sosial işçi çatışmazlığı hökm sürür, pasiyentlər isə bir çox halda yetərincə məlumatlandırılmır. Bu və digər çatışmazlıqların aradan qaldırılması üçün sentyabrın 30-da Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi birliyə üzv olan 53 ölkənin iştirakı ilə koalisiya yaradıb. Koalisiyanın 2025-ci ilə qədər fəaliyyət göstərməsi nəzərdə tutulur.
Koalisiya psixioloji yardım xidmətlərinin psixiatriya müəssisələrindən ilkin tibbi yardım mərkəzlərinə köçürülməsi, profilaktik xidmətlərə cəlb edilən sərmayənin artırılması, psixiatr peşəsinin nüfuzunun gücləndirilməsi, milli məlumat bazalarının təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərəcək. Məqsəd psixoloji sağlamlığı fiziki sağlamlıq səviyyəsinə çatdırmaqdır, lazimi məlumat bazasının yoxluğu ucbatından isə qarşıya qoyulan hədəflərə çatmaqda çətinliklər ortaya çıxır”.
Azzopardi-Muskat bildirib ki, mütəxəssislər uşaqların və gənclərin gələcəyinə təhlükə yaradan “tədrici pandemiya” barədə xəbərdarlıq edirlər: “Pandemiyadan hər kəs ziyan görür, ancaq hamı eyni dərəcədə yox. Hazırda uşaqlar və gənclər təkcə təhsil sarıdan deyil, əqli və emosional baxımdan da əziyyət çəkirlər. 18-29 yaş arasında olan hər iki adamdan biri depressiya, narahatlıq içindədir. Hər beş səhiyyə işçisindən (həkim və tibb bacılarından) biri də eyni vəziyyətdədir. Bu tədrici pandemiyanı dayandırmağın yeganə yolu budur ki, insanlar özlərini pis hiss etdiklərini valideynlərinə, müdirlərinə, yaxud həkimlərinə deməkdən çəkinməsinlər”.
“EUObserver” yazır ki, statistik məlumatlara görə, pandemiyadan əvvəlki dövrdə hər il Avropa əhalisinin 10%-i müxtəlif psixoloji problemlərdən əziyyət çəkib.
Avropa Komissiyasının 2018-ci il hesabatında Avropa Birliyi ölkələrində 84 milyon insana psixoloji problemlərlə bağlı diaqnozlar qoyulduğu göstərilib.
Mənbə: Euobserver.com