Həkim-pediatr Aytən İsmayılzadə uşaqlarda COVID-19 xəstəliyinin gedişatı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Doktor, 2 ildir ki, pandemiya ilə mübarizə aparırıq. Ötən müddət ərzində COVID-19 uşaqlara necə təsir etdi?
- Pandemiyanın əvvəlində koronavirus uşaqlara demək olar ki, yoluxmurdu. Növbəti mərhələdə uşaqlar da yoluxmağa başladı. Getdikcə uşaqlarda xəstəliyin gedişatında ağırlaşmaların baş verdiyini müşahidə etdik. Ağırlaşmaların əksəriyyəti özünü uşaqlarda koronavirusa yoluxub sağaldıqdan sonra təkrar hərarətin qalxması, qanda iltihab göstəricilərinin yüksəlməsi, müxtəlif orqanların iltihablanması ilə özünü göstərdi. Hazırda bu hallara çox az da olsa rast gəlirik.
- Uşaqlarda hansı hallarda ağırlaşmalar müşahidə edilir?
- Uşaqlar arasında yayılan virus çoxdur. Xəstəliyin yoxlanışı düzgün təşkil olunmadığına görə hazırkı statistika barəsində məlumat verə bilmirik.
Xəstələr arasında müraciət edənlər var, öyrənirəm ki, dəfələrlə təcili yardım gəlib, amma yüksək hərarətli uşaqlardan yaxmalar götürülməyib. Ona görə də bu gün uşaqların vəziyyəti və statistikası barədə məlumat vermək çətindir.
Ümumi olaraq deyə bilərəm ki, bağırsaq virusu, koronavirus, qrip kimi viruslara uşaqlar yoluxub sağalırlar. Pandemiya dövründə olduğumuza görə bizə də maraqlıdır ki, bu uşaqlar nədən xəstələnir? Uşaqlardan analiz götürülmədiyi üçün vəziyyətə görə müalicə etməli oluruq. İnfeksiya uşaqlar arasında həddindən artıq çoxdur. Bir uşaq dəfələrlə yoluxur.
- Sizin maska istifadəsi ilə bağlı tənqidləriniz müzakirə mövzusu olmuşdu. Hazırkı qənaətiniz necədir, sizcə, uşaqlar maska taxmalıdırmı?
- Bu müddət ərzində müşahidə etdik ki, maska taxan da, taxmayan da xəstəliyə yoluxur. Karantin qaydaları da artıq nəyisə həll etmir. Virus öz tempində aktivləşib-zəifləyir. Heç nə ilə bunun qarşısını ala bilmirik. Maska sadəcə cüzi qoruyucu faktor rolu oynayır. Uşaqlar isə böyüklər kimi maskadan istifadə qaydalarına riayət etmirlər. Bu səbəblə uşaqlara maska taxmağı tövsiyə etmirəm. Lakin evdə xəstə varsa, maska taxılmalıdır.
- Türkiyədə 18 yaşdan aşağı şəxslərin peyvənd olunması müzakirə mövzusudur. Siz necə düşünürsünüz, buna ehtiyac varmı?
- Hesab edirəm ki, bunun üçün hələ gözləməliyik. Ən azından böyüklərin 70 faizi peyvənd olunmalıdır ki, növbəti mərhələdə bu barədə düşünülsün. Xəstəlik uşaqlar üçün böyük təhlükə olmadığına görə buna ehtiyac yoxdur. Əgər böyüklər peyvənd olunsalar, uşaqlara xəstəlik keçməyəcək.
Əvəzində uşaqların planlı peyvəndlərinə nəzarət etmək lazımdır. Qızılca, göy öskürək, hepatit viruslarına qarşı peyvəndləmələr aparılmalıdır.
- Əksər hallarda valideynlər qeyd etdiyiniz peyvəndlərdən imtina edirlər...
- Bu, ümumi maarifsizlik və yayılan şayiələrlə bağlıdır. Əsasən psixoloji mərkəzlər nitq geriliyi olan uşaq üçün deyirlər ki, peyvənddən sonra oldu. Hazırkı COVID peyvəndindən niyə qorxurlarsa, uşaqlara da aid olan peyvəndlərdən ona görə qorxurlar.
- Bu peyvəndlər COVID-ə qarşı da təsirli ola bilərmi?
- Xeyr. Hər peyvənd özünə aid xəstəlikdən qoruyur.
- Pandemiya dövründə valideynlərə tövsiyəniz nədir?
- Uşaqları vitaminlə yükləməməyi tövsiyə edirəm. Xəstəlik vaxtı diqqətli olmaq, ailədə COVID-ə yoluxma halı olduqda yaxma testi verməyi məsləhət görürəm. Uşaqdan test götürülməli, bədəndəki gedişat nəzarətdə saxlanılmalıdır. Bunlar bizim üçün yeni məlumatlardır və prosesi izləyərək öyrənə bilərik. Uşaqların planlı peyvəndlərini də əsla təxirə salmasınlar.