Mu variantı barədə nə bilirik? – “Vaşinqton Post”

 Mu variantı barədə nə bilirik? –  “Vaşinqton Post” backend

ABŞ-ın “Vaşinqton Post” qəzetində koronavirus infeksiyasının “mu” adlandırılan yeni variantı haqda məqalə dərc olunub. Novator.az saytı “Mu variantı barədə nə bilirik?” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Dünya Səhiyyə Təşkilatının bu yaxınlarda “maraqlı variant” (“variant of interest”) adlandırdığı koronavirusun mu variantı və ya B.1.621 ştamı müxtəlif ölkələrdə yayılmaqda davam edir. Mu – Dünya Səhiyyə Təşkilatının qeydə aldığı beşinci koronavirus variantıdır.

Mu variantı ilk dəfə harada aşkarlanıb və hazırda hansı ölkələrə yayılıb?

İlk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkarlanan mu variantı hazırda bu ölkədə sürətlə yayılmaqdadır.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, mu variantı o vaxtdan bəri 40-dan çox ölkədə, o cümlədən ABŞ, Cənubi Koreya, Yaponiya, Ekvador, Kanada və Avropanın bəzi yerlərində qeydə alınıb.

Mu variantı ABŞ-da nə qədər yayılıb?

Dünyanın yeni koronavirus genomu ardıcıllığı haqda ən böyük məlumat bazası sayılan Qrip Hallarına Dair Məlumatların Paylaşılması üzrə Qlobal Təşəbbüsün açıqlamasına görə, ABŞ-da indiyədək bir neçə min mu variantı qeydə alınıb. Ən çox yoluxma Kaliforniya, Florida, Texas və Nyu-Yorkdadır.

Buna baxmayaraq infeksion xəstəliklər üzrə baş mütəxəssis Entoni Fauçi açıqlama verib ki, mu variantı hazırda ABŞ ərazisi üçün ciddi təhlükə deyil.

Hökumət bu variantı yüksək nəzarətə götürdüyü üçün onun geniş yayılacağı gözlənmir. ABŞ-da koronavirusa yoluxmaların 99 faizinin səbəbi hələ də delta variantıdır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mu variantını “maraqlı variant” adlandırır.

Kaliforniya ştatının İctimai Səhiyyə Departamentindən “Vaşinqton Post”a verilən açıqlamada ştatda mu variantına 400-dək yoluxmanın qeydə alındığı bildirilir. Departament əlavə edib ki, ştatda bütün variantlara yoluxma halları nəzarətə götürülüb.

Koronavirus peyvəndləri mu variantına qarşı təsirlidirmi?

Bu barədə dəqiq məlumat yoxdur. Dünya Səhiyyə Təşkilatı açıqlama verib ki, mu variantı silsilə mutasiya keçirir və bu səbəbdən digər variantlarla müqayisədə peyvəndlərə qarşı daha müqavimətli ola bilər. Bu xüsusiyyət narahatlıq doğursa da, araşdırmalarla tam təsdiqini tapmayıb.

Fauçi deyib ki, laboratoriya dəlilləri mu variantının cüzi antitel yarada biləcəyini göstərsə də, hələ bu istiqamətdə klinik məlumatlar və digər araşdırmalar azdır. Fauçi ümumiyyətlə peyvəndlərin koronavirusa qarşı ən təsirli və ən yaxşı müdafiə vasitəsi olduğunu vurğulayıb.

Koronavirus peyvəndi istehsal edən “Pfizer” şirkətindən “Vaşinqton Post” qəzetinə bildirilib ki, hazırda onlar mu variantını öyrənirlər və tezliklə müvafiq elmi jurnalda bu barədə məlumat verəcəklər.

“Pfizer”in sözçüsü Kit Lonqley deyib: “Bu gün həm real məlumatlara, həm də peyvəndlə bağlı laborator araşdırmalara əsasən deyə bilərik ki, koronavirusun və onun variantlarının antitel yaratmadığına dair heç bir sübut yoxdur”.

Digər peyvənd istehsalçılarının – “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca”nın nümayəndələri hələ bu barədə fikir bildirməyiblər.

Mu variantı daha yoluxucudurmu?

Ekvadordakı San-Fransisko dö Kito Universitetinin infeksion xəstəliklər və genomika üzrə professoru Paul Kardenas mu variantı üzərində araşdırma aparıb.

O, “Vaşinqton Post” qəzetinə açıqlamasında deyib: “Hazırkı nəticələr mu variantının daha yoluxucu olduğunu göstərir. Mu Ekvadorun əksər hissəsində və Kolumbiyada qamma və alfa variantlarını geridə qoyub”.

Professor əlavə edib ki, bütün bunlara baxmayaraq, insanların böyük narahatlıq keçirmələrinə əsas yoxdur: “İnsanlar bilməlidirlər ki, bu variantlar hər zaman mövcuddur, amma onları izləyə bilmək üçün xüsusiyyətlərini öyrənmək vacibdir”.

Növbədə hansı variant var?

Mu – Dünya Səhiyyə Təşkilatının nəzarətə götürdüyü beşinci “maraqlı variant”dır. Bu variant ABŞ-ı cənginə alan daha yoluxucu və öldrücü delta, alfa, beta və qamma variantları kimi Dünya Səhiyyə Təşkilatının “problemli variantlar” siyahısına düşməyib.

Virusların əksəri zaman keçdikcə dəyişir. Bəzi mutasiyalar virusun xüsusiyyətlərinə çox az təsir etsə də, bəziləri virusun yayılma yolunu, şiddətini, peyvəndlərin və ya dərmanların təsirini dəyişə bilir.

Dünya Səhiyyə Təşkilatı hələlik mu variantının xüsusiyyətlərini dərindən öyrənmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu və bundan sonra mu variantının digər variantlarla, xüsusən də daha çox yayılmış delta variantı ilə qarşılıqlı təsirini izləyəcəyini bəyan edib.

Diaspora