Qlükozanın çatışmazlığı zamanı "hipoqlikemiya" inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə sağlam insanlar da üzləşir.
Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ciddi pozulmalara, hətta ölümə səbəb ola bilər.
Saglamolun.az bildirir ki, şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:
- kəskin aclıq
- halsızlıq və yorğunluq
- ürəkbulanması
- titrəmə
- əsəbilik
- soyuq tər
- ürəkdöyünməsinin tezləşməsi
- patoloji qorxu
- görmənin pozulması
- dil və dodaqların keyiməsi.
Əgər xəstəyə vaxtında kömək edilməzsə, onda hipoqlikemik koma inkişaf edir – insan bayılır, dərisi soyuq və nəm olur, qıcolma ola bilər. Bu vəziyyətdə olan xəstəyə vaxtında lazım olan tibbi yardım almayan xəstədə beyin ödemi inkişaf edir, təzyiqi düşür, nəfəsalma və ürəyin fəaliyyəti pozulur ki, nəticədə insan ölə bilər.
Hipoqlikemiyanın əsas səbəbləri:
- insulinin düzgün yeridilməməsi və ya artıq dozada yeridilməsi
- qida qəbulları arasında uzun fasilələr, qəbul etdiyi qidalarda karbohidratların az olması
- güclü fiziki gərginlik və ya güclü stress
- spirtli içkilərin qəbulu (xüsusilə çoxlu miqdarda və acqarına)
- kəskin infeksion xəstəliklər, hərarətin artması
- hamiləlik (xüsusilə hamiləliyin əvvəlində)
- cərrahi əməliyyat və s.
Hipoqlikemiyanın ilk əlamətləri meydana çıxan kimi, xəstəyə təcili şəkildə hər hansı bir şirin qida (qənd, konfet, bir neçə qaşıq mürəbbə, şirin bulka, peçenye, 1 stəkan şirin çay, meyvə şirəsi və s.) vermək lazımdır. Otağın pəncərəsini açın, xəstənin kəmərini boşaldın, yaxasını açın.
Diqqət! Hipoqlikemik vəziyyətini hiperqlikemik vəziyyətindən fərqləndirmək lazımdır. Bu çox vacibdir ki, bu vəziyyətlərdə yardım müxtəlifdir. Hiperqlikemiya (şəkərli diabet xəstələrində qanda şəkərin kəskin qalxması) zamanı insanda bu kimi simptomlar meydana çıxır: ağızda quruluq, kəskin susuzluq hissi, zəiflik, baş ağrısı, ikiligörmə, tezləşmiş sidik ifrazı. Xəstənin sidiyindən və ağzından aseton qoxusu gəlir. Bu çox spesifik simptomdur. Bu simptom varsa, bu hiperqlikemiyadır. Xəstənin vəziyyətini hipoqlikemiya ilə səhv salıb ona qənd, mürəbbə, şirin çay və s. verməyin! Bu çox təhlükəlidir və xəstənin vəziyyətini daha da ağırlaşdıracaq.
Hiperqlikemiya vəziyyətində olan insanın halı daha da pisləşəndə onda tezləşmiş küylü tənəffüs, təşviş halı, hallüsinasiyalar, qıcolmalar, bayılma inkişaf edir.
Əgər insan artıq huşunu itiribsə (fərqi yoxdur – bu hipo- və ya hiperqlikemik komadır), dərhal “təcili yardım” çağırın, xəstəni böyür üstə uzandırın ki, qusma baş verərsə qusuntu kütlələri nəfəs yollarına düşüb boğulmaya səbəb olmasın. Xəstəni heç bir halda tək qoymayın!
Hipoqlikemiyanın profilaktikası üçün şəkərli diabet xəstələri müntəzəm şəkildə həkim-endokrinoloqun nəzarəti altında olmalı, şəkərin səviyyəsinə nəzarət etməli, pəhrizə əməl etməli, ac qalmamalı, hər zaman yanında bir neçə konfet və ya qənd parçası saxlamalıdırlar.
Uşağında şəkərli diabet olan valideynlər onunla birlikdə gəzməyə çıxdıqda və s. özləri ilə bir neçə konfet və ya qənd parçası götürməlidirlər.