Uşaqların peyvəndlənməsi vacibdirmi? – “Nyu-York Tayms”

Uşaqların peyvəndlənməsi vacibdirmi? –  “Nyu-York Tayms” backend

Uşaqları peyvənd etdirmək lazımdırmı? Koronavirus pandemiyasının davam etdiyi bir dövrdə valideynləri düşündürən əsas suallardan biri budur. Koronavirus əleyhinə peyvəndlər uşaqlara necə təsir edir? Hansı yan təsirlər var və bu yan təsirlər daha təhlükəlidir, yoxsa koronavirus xəstəliyinin özü? ABŞ-ın “Nyu-York Tayms” qəzetində bu və digər suallara cavabları əks etdirən məqalə dərc olunub. “Koronavirus uşaqlar üçün peyvəndlərdən daha təhlükəlidir” başlıqlı məqalənin müəllifləri Ceremi Samuel Faust, Keyti Dikerson Mayes və Selin Qunderdir. Ceremi Samuel Faust və Keyti Dikerson Mayes təcili yardım həkimləridir. Selin Qunder isə epidemioloqdur, ABŞ Prezidenti yanında COVİD üzrə Məşvərət Şurasının üzvüdür. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Pandemiya ilə bağlı sevindirici hal ondan ibarətdir ki, koronavirusdan dünyasını dəyişən yeniyetmə və uşaqların sayı azdır.

Məhz bu göstəriciyə arxalanaraq bəzi valideynlər övladlarının peyvənd olunması ilə bağlı tərəddüd edirlər. Vaksinasiyanın yan təsirləri barədə söz-söhbət artdığına görə onlar peyvəndin virusun yaratdığı təhlükədən daha riskli olduğunu düşünürlər.

Lakin hər kəs bilməlidir ki, uşaqların COVİD-19 əleyhinə peyvəndlənməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Hətta peyvəndin söz-söhbətə səbəb olan yan təsirləri də vaksinasiyadan imtina etməyə əsas vermir.

İyunun 23-də Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin ekspert komitəsinin iclası keçirildi. İclas zamanı ABŞ-da yeniyetmə və uşaqlar arasında mRNA peyvəndləri (Koronavirus əleyhinə peyvəndlərin bəzisi mRNA əsaslıdır, bu yazıda konkret olaraq ABŞ-da tətbiq edilən “Pfizer”- “BioNTech” və “Moderna” peyvəndləri nəzərdə tutulur – tərc.) ilə əlaqələndirilən miokardit və ya ürək əzələsinin iltihabı adlandırılan nadir patologiya arasında bağlılığın olduğunu göstərən məlumatlar təhlil olundu. Komitə üzvləri 1200 nəfərdə bu yan təsirin müşahidə olunduğunu və əksər şəxslərin qısa zamanda sağaldığını aşkarladı. Nəticə etibarilə Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi 12 yaşdan yuxarı bütün şəxslərə peyvənd vurdurmağı tövsiyə etdi (bu ilin payız aylarında 12 yaşdan aşağı uşaqlar da peyvəndlənə biləcəklər).

Komitənin qərarı tamamilə düzgündür. İnsanlar elə düşünürlər ki, onlara iki seçim verilib: ya peyvənd olunacaqlar, ya da peyvənd olunmadan adi qaydada həyatlarına davam edəcəklər. Həqiqət isə tamam başqadır: ya peyvənd vurduracağıq, ya da koronavirusa yoluxub onun yaratdığı çətinliklərlə mübarizə aparmalı olacağıq.

Ekspertlərin əksəriyyəti hesab edir ki, virus endemik xarakter daşıyır. Yəni o, insanlar arasında sonsuz şəkildə dövr edəcək.

Mövcud vəziyyəti təhlil etmək üçün sadə formada düşünmək kifayət edir: hər bir uşaq koronavirusa təbii şəkildə yoluxsa nə baş verə bilər? Bəs hər bir uşaq koronavirusa qarşı peyvənd olunsa nə baş verə bilər? Bu iki ssenarini canlandırmaqla həm valideynlərə, həm də uşaqlara düzgün qərar verməkdə kömək edə bilərik. Hesab edirik ki, bu riskləri ətraflı təhlil etmək üçün ilk növbədə xəstəxanalara yerləşdirilənlərin sayına nəzər salmaq lazımdır.

Vaksinlə bağlı miokarditin ən yüksək göstəriciləri olan demoqrafik qrupda yaşı 12-dən 17-dək olan oğlanlar yer alır. Vaksinasiyadan sonrakı həftədə miokardit dərəcəsi onların peyvənd edilməmiş həmyaşıdlarının fonunda 14-15  dəfə çoxdur. Sizi bir sual maraqlandıra bilər: miokarditin nəticələri nələrdir? Lakin yaxşı olardı ki, əvvəlcə peyvəndlənən uşaqlarda peyvəndin ümumi pis nəticələrinin nə olduğu ilə tanış olaq.

Bu günə qədər ABŞ-da yaşı 17 və daha aşağı olan 6,14 milyon nəfər uşaq peyvəndin hər iki dozasını vurdurub. Onlardan 653 nəfəri bir günlüyə və ya daha uzun müddətə xəstəxanada yerləşdirilib. Xəstəxanada yerləşdirilənlər arasında miokardit və digər patologiyalardan əziyyət çəkənlər var idi. Onlar bir gün ərzində və ya bir qədər uzun müddətə xəstəxanada qalıblar. Yan təsirlər bu şəkildə davam etsə, yaşı 17 və daha aşağı olan 73 milyon ABŞ sakini peyvənd olunacağı təqdirdə, təxminən 7700 nəfər peyvəndin yan təsirləri ilə əlaqədar xəstəxanaya yerləşdiriləcək.

Gördüyünüz kimi, xəstəxanada yerləşdirilənlərin əksəriyyəti qısa zamanda özünə gəlir və heç bir böyük problem yaşanmır. Təhlil etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, bu yaş qrupunda peyvəndlə əlaqədar xəstəxanada yerləşdirilənlərin 74 faizindən çoxu üç gündən sonra və ya daha qısa müddətdə evə buraxılır. Xəstəxanada yerləşdirilənlərin yalnız 3,5 faizinin müalicəsi bir həftədən çox çəkib.

İndi isə bu rəqəmləri koronavirus göstəriciləri ilə müqayisə edək.

Amerika Pediatriya Akademiyasının açıqladığı statistikaya əsasən, koronavirusa yoluxmuş uşaqların 0,1-1,9 faizinin xəstəxanada yerləşdirilməsinə ehtiyac duyulur. İlkin məlumatlarda da göstərildiyi kimi, xəstəxanada yerləşdirilənlərin təxminən 45 faizinin koronavirus səbəbindən deyil, araşdırılmamış çox sayda fərqli infeksiyalardan əziyyət çəkdiyini iddia edənlərin fikirlərini də nəzərə alsaq, xəstəxanada yerləşdirilənlərin həqiqi sayının bir qədər aşağı – 0,02 faiz olduğunu demək olar. Bu göstərici koronavirusa yoluxan hər 5 min uşaqdan birinin xəstəxanaya yerləşdirildiyini əks etdirir.

Bu o deməkdir ki, koronavirus ABŞ-dakı 73 milyon uşağın hamısına yoluxsa, təxminən 14 min 600 nəfərin xəstəxanada yerləşdirilməsinə ehtiyac yaranacaq. Peyvəndlə əlaqədar xəstəxanada yerləşdirilənlərdən fərqli olaraq, COVİD-19 səbəbindən stasionar müalicə alan şəxslər altı gün və bəzən də daha çox müddətdə xəstəxanada qalmalı olurlar.

Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin apardığı son tədqiqat nəticəsində məlum olub ki, koronavirus xəstəsi olan yeniyetmələrin təxminən üçdə biri reanimasiya şöbəsinə yerləşdirilir. Bu günə qədər ABŞ-da koronavirus xəstəliyi yaşı 17 və daha aşağı olan şəxslər arasında 326 nəfərin ölümü ilə nəticələnib.

Koronavirusun uşaqlardakı uzunmüddətli təsirləri barədə məlumat yoxdur. Bununla belə, koronavirusa yoluxmuş bəzi uşaqlarda çoxsistemli iltihab sindromu qeydə alınıb. Koronavirusun yayılma dərəcəsi barədə göstəricilərə əsaslanaraq demək olar ki, ABŞ-da yaşı 17 və daha az olan 73 milyon nəfərin koronavirusa yoluxması adıçəkilən sindrom səbəbi ilə əlavə 27 min nəfərin xəstəxanada yerləşdirilməsi ilə nəticələnə bilər.

Qeyd etmək lazımdır ki, yeniyetmələr arasında peyvəndlə əlaqədar miokarditlə müqayisədə sindromun səbəb olduğu ürək ağrıları daha geniş yayılıb və onun müalicəsi daha uzun vaxt tələb edir.

Bəzi həkimləri və valideynləri belə bir sual maraqlandırır ki, nə üçün miokardit riski olan yeniyetmə oğlanların bir neçə il sonra, xüsusilə də yoluxma hallarının azaldığı bir dövrdə peyvənd olunması nəzərdə tutulmur? Yaxud da nə üçün onlara yalnız bir doza vurulmur?

Bu sualları verən insanlar uşaqların yaxın gələcəkdə koronavirusa yoluxmayacağını güman edirlər. Zaman keçdikcə koronavirusun yeni variantlarının meydana çıxdığını nəzərə alsaq, bu arqumentin zəif səsləndiyini görərik. Statistikaya əsasən, insan sağlamlığını daha yaxşı qorumaq və virusun yayılmasının qarşısını almaq üçün peyvəndin hər iki dozasını vurdurmaq lazımdır. Peyvəndi gecikdirməmək üçün digər bir səbəb ondan ibarətdir ki, insanın yaşı artdıqca koronavirusu çətin keçirmək riski də artır.

Yeniyetmə və uşaqların peyvənd olunması həm də koronavirusa qarşı kollektiv immunitetin artmasına kömək edəcək və həssas şəxslər arasında virusun yayılmasının və yeni variantların peyda olmasının qarşısını alacaq. Növbəti illər ərzində koronavirusun yeni variantları ilə savaşmaq əvəzinə peyvəndin risk səviyyəsi orta dərəcədən də az olan yan təsirlərinə göz yumub bu qlobal problemə təhlükəsiz şəkildə son qoya bilərik.

Vaksinasiyadan sonra çox az sayda insanın başına pis iş gələr bilər. Bunların bir qismi peyvəndin payına düşsə də, böyük hissəsinin peyvəndlə heç bir əlaqəsi yoxdur. Vaksinasiyanın yaratdığı risklər “sıfır” risklə deyil, koronavirusun yaratdığı təhlükə ilə müqayisədə nəzərdən keçirilməlidir.

Bizim iki seçimimiz var: ya peyvənd olunacağıq, ya da virusa yoluxacağıq. Cari məlumatları təhlil etdikdən sonra yekun nəticə belədir: virus daha təhlükəlidir.

Diaspora