Koronavirus əleyhinə peyvəndlənmiş adamların çoxunu düşündürən bir sual var: görəsən məndə lazımi səviyyədə antitel yaranıbmı?
Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır ki, peyvənd olunanların əksəriyyəti virusa qarşı immunitet qazandığına inanır: “Ancaq bu, peyvəndlənəndən sonra antitel testi verməyə gələnlərin sayını azaltmır”.
Alimlər peyvəndlənmiş hər adamın antitel testindən keçməsini məqbul saymırlar. Peyvəndlər demək olar hər kəsdə antitel yaradır. Yel Universitetinin immunoloqu Akoko İvasaki də “Nyu-York Tayms”a deyib ki, peyvəndlənən adamların əksəriyyətinin antitel sarıdan narahat olmasına ehtiyac yoxdur.
Ancaq doktor İvasaki immun müqaviməti zəif olan və ya müəyyən dərmanlar qəbul edən insanların antitel testindən keçməsinin vacib ola biləcəyini də qeyd edib. O bildirib ki, orqan donoru olan, qan xərçəngindən əziyyət çəkən və ya immun sistemini zəiflədən dərmanlar qəbul edən pasiyentlərin böyük qismində vaksin vurdurandan sonra yetərincə antitel formalaşmaya bilər. Ona görə də belə şəxslərin peyvəndlənəndən sonra antitel testindən keçməsi faydalı ola bilər.
Amma antitel testindən keçməyin vaxtı var. Koronavirus peyvəndlərinin əksərində virusa qarşı immunitet peyvəndin ikinci dozası vurulandan iki həftə sonra əmələ gəlir. “Conson və Conson” vaksinində bu dövr dörd həftə də çəkə bilər.
Bundan başqa, antitel testləri arasında fərqlər var. Bir test virusa qarşı immunitetin yalnız bir formasını ölçür və başqa formalardakı antitelləri görməyə bilər. Antitel – testin axtarmadığı yerdə ola bilər. Üstəlik, test aşkarladığı antitelin kəmiyyətində yanlışlığa yol verə bilər, onun bir qismini görüb, digər qismini görməyə bilər.
Ona görə də testdən keçəndə həm düzgün vaxtda, həm də düzgün testdən keçmək lazımdır.
Problem ondadır ki, həkimlərin heç də hamısı antitel testlərinin xüsusiyyətlərini yaxşı bilmir. Ona görə bu ilin mayında ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) immuniteti qiymətləndirmək üçün antitel testlərindən istifadə etməyin məsləhət görülmədiyini bəyan edəndə bəzi həkimlər bunu etirazla qarşıladılar. Çünki onlar antitel testləri arasındakı fərqlərdən, testlərin virusa qarşı immunitetin yalnız bir formasını ölçməsindən, antitelin testin axtarmadığı yerdə ola biləcəyindən, testlərin digər xüsusiyyətlərindən xəbərsizdirlər və FDA-nın tövsiyəsinin kökündə duran səbəbləri tam dərk etmirlər.
Ötən ilin noyabrında Dünya Səhiyyə Təşkilatı antitel testləri ilə bağlı standartlar müəyyən edib. Bu standartlar testlər arasındakı fərqləri müqayisə etməyə imkan yaradır.
Nyu-Yorkda İkana Tibb Məktəbində çalışan ummunoloq Florian Krammer “Nyu-York Tayms”a bildirib ki, hazırda çoxlu test mövcuddur. O, tədricən bütün istehsalçıların beynəlxalq standartlara uyğunlaşacağına ümidvar olduğunu vurğulayıb.
Cons Hopkins Universitetinin cərrah-transplantoloqu Dorri Seqev deyib ki, antitel – müqavimətin aspektlərindən yalnız biridir: “Səthin altında elə hallar baş verir ki, antitel testləri onları birbaşa müəyyən edə bilmir. Həm də orqanizmin özündə yad cisimlərə qarşı müdafiə mövqeyində duran hüceyrələr var”.
Ancaq ağır xəstəliklərdən əziyyət çəkən, immun sistemini zəiflədən dərmanlar qəbul edən, yaxud ciddi əməliyyatlardan keçən adamlar, bir sözlə, hansısa səbəbdən hazırkı anda immun müqaviməti zəif olanlar peyvəndlənəndən sonra da təhlükəsizlik qaydalarına daha çox riayət etməlidirlər. Məsələn, iş yoldaşları ofisdən işləməyə başlasalar da, onlar evdən işləməyi davam etdirə bilərlər. Bu baxımdan antitel testlərinin nəticələri onların müdiriyyəti inandırmasında dəlil-sübut rolunu oynaya bilər.
Qalan adamlarsa peyvəndlərə etimadla yanaşmalı və lazımi dozaları qəbul edəndən sonra immunitet qazandıqlarına inanmalıdırlar.