Allergiyası olanlar da vaksin vurdura bilər - Nazirlik

Allergiyası olanlar da vaksin vurdura bilər -  Nazirlik backend

"Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyil".

Qazilər.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva deyib.

O bildirib ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur: "Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər.

Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin, koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik".

L.Allahverdiyeva bildirib ki, respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır: "Bu simptomlar aşağıdakılardır: tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.

Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar, allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə də antibiotik və vitaminlərə aiddir.

Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır".

Baş allerqoloq peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır: "Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.

Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır".

Diaspora