Azərbaycanda vərəməyoluxma ən çox kişilər arasındadır. Vərəmə yoluxanların 56 faizini kişilər, 32 faizini qadınlar, 12 faizini uşaqlar təşkil edir.
Qazilər.az bildirir ki, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının İdarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə danışıb.
O bildirib ki, vərəməyoluxma daha çox 18-29 yaş aralığında qeydə alınıb.
Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı isə deyib ki, vərəm xəstəliyi yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olan xəstəlikdir. Hər il 1.5 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 1882-ci ildə ilk dəfə olaraq aşkarlanan bu xəstəliyinin qarşısı o zamandan bu günədək alınmayıb.
QHT rəhbəri bildirir ki, Azərbaycan vərəmin ən çox yayıldığı 30 ölkə sırasında yer alıb:
"Azərbaycan dərmana davamlı vərəmi xəstəliyinin ən çox yayıldığı 30 ölkə arasındadır. Bu isə o deməkdir ki, dünyada yayılan vərəmin 87 faizi məhz bu 30 ölkənin payına düşür. Çalışmalıyıq ki, Azərbaycan qarşıdakı illərdə nəinki 30, heç 100 ölkə arasında da yer almasın. Vərəmin qarşısını almaq üçün onun ocaqlarını, mənbələrini tapmalıyıq".
Qeyd edək ki, ÜST-ün məlumatına görə, Azərbaycanda 2018-ci ildə 880, 2019-cu ildə isə 610 nəfər vərəmdən dünyasını dəyişib.
Bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.
Sputnik.az