Xaçmazda məktəb direktorunun ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB - FOTO

Xaçmazda məktəb direktorunun ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB - FOTO backend

“Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü”.

Bunu “Report”a Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.

Onun sözlərinə görə, məktəb direktorunun meyitini yaşadığı evdə həmkarları görüblər:

“1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyeva 10 ildən çoxdur ki, rayonun Alıcqışlaq kənd tam orta məktəbin direktoru işləyirdi. Rayon mərkəzindən kəndə məsafə uzaq olduğundan, bir neçə həmkarı ilə məktəbə getmək üçün maşın tutublar. Səhər saatlarında həmkarları işə getmək üçün ona bir neçə dəfə zəng etsələr də, cavab verməyib. Daha sonra qohumları ilə əlaqə saxlayan həmkarları onun yaşadığı evə giriblər. Evdə Ülkər Hacıyevanın meyitini görüblər”.

İ.Musayev əlavə edib ki, hadisəni eşidəndən dərhal sonra məktəb direktorunun yaşadığı evə gedib:

“Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü. Deyilənə görə, su qızdırıcısı içəridə partlayıb. Hazırda meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq”.

Qeyd edək ki, Hacıyeva Ülkər Vəliyyəddin qızı subay olub və tək yaşayırmış.


11:19

Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 10:12

Xaçmazda evdə qadın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Diaspora